Azərbaycanda icbari tibbi sığortanın məbləği açıqlandı
“Hazırkı təkliflərdə illik sığorta haqqı 100 manatdan artıq deyil”.
“Azərbaycanda yaxın vaxtlarda tətbiq olunması gözlənilən icbari tibbi sığortada adambaşına düşən aylıq sığorta haqqı 8-9 manat ətrafında olacaq”.
Aznews.info xəbər verir ki, bu barədə Fins.az-a müsahibəsində İcbari Tibbi Sığorta Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov bildirib.
Onun sözlərinə görə, hazırkı təkliflərdə illik sığorta haqqı 100 manatdan artıq deyil:
“Agentlik sığorta haqqının məbləğini müəyyən edərək Nazirlər Kabinetinə təqdim edib. Bizim təklif etdiyimiz illik icbari tibbi sığorta haqqı 100 manatı ötmür”.
Şöbə müdiri bildirib ki, əhalinin əmək qabiliyyətli hissəsi, yəni işləyənlər və iş qabiliyyəti olanlar sığorta haqlarını özləri ödəyəcəklər. Digər təbəqələrin (pensiyaçılar, yaşı 18-dək olan uşaqlar və s.) sığorta haqqı dövlət büdcəsindən ödəniləcək.
İlkin təkliflərə görə, icbari sığortanın əhatə edəcəyi xidmətlərə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətlər daxildir.
Zərfə çox bahalı əməliyyatlar, o cümlədən ölkədə ən çox rast gəlinən ürək əməliyyatları da daxil edilib. Bununla yanaşı, B və C, hepatitlər, onkoloji xəstəliklər, orqan transplantasiyası əməliyyatları ilkin mərhələdə icbari tibbi sığorta paketinə daxil olmayacaq.
Mənbə:> Fins.Az