Dollar əmanəti olanlara kompensasiya hansı kurs ilə qaytarılacaq?
“Əmanətlərin sığortalanması haqqında” qanuna görə, məzənnə sığorta hadisəsinin baş verdiyi günün kursuna uyğun hesablanmalıdır.
Bağlanan banklarda əmanətləri dollarla olan vətəndaşlara kompensasiyalar dolların iyulun 25-ə olan kursuna uyğun ödəniləcək.
Oxu.Az-ın məlumatına görə, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov fins.az-a bildirib ki, “Parabank”, “Dekabank”, “Kredobank”, “Zaminbank”da sığorta hadisəsi iyulun 25-də baş verib:
“Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq, məzənnə sığorta hadisəsinin baş verdiyi günün kursuna uyğun hesablanmalıdır. Adıçəkilən banklarda da bu belə olacaq.
Əmanətlər iyulun 25-nə olan məzənnə ilə (1,5724-red.) hesablanıb kompensasiya ediləcək”.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının iyulun 21-də verdiyi qərarla “Parabank”, “Dekabank”, “Kredobank”, “Zaminbank”ın lisenziyaları ləğv edilib. Həmin bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur.
Mənbə:> Oxu.az