Azərbaycan, Türkiyə və Gürcüstanda istirahətin QİYMƏTLƏRİ – FOTO
Azərbaycanlıların da yay istirahəti üçün seçimləri sırasında yer alan Türkiyənin istirahət bölgələrində vəziyyət acınacaqlıdır.
AzNews.info musavat.com-a istinadən oradakı real mənzərəni Türkiyənin “Hürriyet” qəzetinin araşdırmasına əsasən oxucularına çatdırır.
Bu il ölkənin turizm sektoru uzun illərdən sonra bəlkə də ən ağır mövsümlərdən birini yaşayır, xüsusən də Türkiyənin turizm şəhərlərində çətin vəziyyət dərindən hiss edilir.
Bu şəhərlərdə təkcə otellər yox, əslində satıcılar da, yerli xalq da sayı yarıbayarı azalan turistlərin ortaya çıxardığı problemlərdən nəsibini alır.
Uzun müddətdir hansı otel sahibinə soruşulsa, hansı sektor təmsilçisi ilə danışılsa, problemin böyük olduğunu, azalan turist sayının sözügedən sektoru çökdürdüyünü deyir.
Bəzi otellər açılmayıb, yataqlar lobbidə düzülüb, şezlonqlar isə boşdur
“Hürriyet” Antalyadan Muğlaya qədər bir neçə bölgəni araşdıraraq ortaya maraqlı turizm dosyesi qoyub. Antalyada Alanya, Konaklı, Türkler, Avsallar, Okurcalar, Side, Belek, Lara, Muratpaşa, Beldibi, Kemer və Tekirovaya, Muğlada isə Fethiye, Ölüdeniz, Göcek, Dalaman, Marmaris və Bodruma baş çəkiblər.
Bütün bu bölgələrdə yaşanan ortaq problem ötən illə müqayisədə turist sayının aşağı düşməsidir. Problemlər bununla da bitmir. Bir çox otellər ötən illə müqayisədə daha az işçi işlədir. Bölgədə işsizlik artıb. Bəzi otellər açılmayıb, hovuzlar boş, yataqlar isə otelin lobbisində yerə düzülüb.
Açıq olan otellər isə lazımi müştərini təmin edə bilməməkdən narazıdır. Məsələn, otel rəhbərləri 200 otaqlı bir oteldə cəmi 25 otağın dolu olmasından şikayətlənir və bu müştəri qıtlığı baqqalından qarğıdalı satıcısına, taksi sürücüsündən kafe rəhbərinə qədər hər kəsə problem yaradır.
Keçmişdə ən qabaq sıradakı şezlonqları zəbt etmək üçün yarış olduğunu deyən otel işçiləri indi gün boyu şezlonqların boş qaldığından şikayətləniblər.
Antalyaya gələn turist sayı ötən illə müqayisədə 42% azalıb. Xüsusən, Alanya və Kəmərdə böyük sıxıntı yaşanır. Təkcə Alanyada açılmayan turizm müəssisələrinin sayı 30-u keçib. Bir çox otel isə açıq olmasına baxmayaraq, boşdur.
Aeroportlar ilk siqnalı verir
Elə İstanbul Atatürk aeroportunda da bu problem özünü göstərir. Burada da Antalyaya gedən təyyarələrdə sərnişin azlığı diqqət çəkir. Antalya aeroportunda bir il əvvəl özünü göstərən qələbəlikdən indi əsər-əlamət yoxdur.
Taksiyə daha tez minmək, avtobusa çatmaq cəhdləri yoxdur. Alanyanın mərkəzindəki restoranlar isə boş, taksi sürücüləri və mağaza sahibləri müştəri gözləyirlər.
Əksər otellər işçilərinin sayını azaldıb. Alanyadakı otel sahiblərindən biri turist sayının azlığına görə 140 işçisini işdən çıxarıb. Almanların və rusların çox sevdiyi Side və Manavqatda da durum çox parlaq deyil.
Belekdəki satıcılar isə çoxdan bu krizə məğlub olublar. Bir eynək mağazası sahibi 7 ildir ki, bu bölgədə alver etdiyini, amma heç vaxt belə pis vəziyyətlə qarşılaşmadığını deyib:
“Bu il bölgədəki dükanlarımızdan birini bağlayacağıq. Çünki kirayəsini ödəyə bilmirik. İllik kirayə 60 min avronu keçir. Keçən il gündə 1500 dollara yaxın mənfəətimiz olduğu halda, indi bu rəqəm 100 dolları keçmir“.
Nə pullu çimərlikdə turist var, nə də pulsuzda...
Antalyanın Lara bölgəsində isə pullu-pulsuz çimərliklərin heç birində turistə rast gəlmək mümkün deyil. 500-dən çox nömrəsi olan otellərin sahillərindəki insanları rahatlıqla saymaq mümkündür.
Bu bölgədə də ticarət obyektlərinin icarə haqqı ildə 30-100 min avro arasında dəyişir. Mağaza sahibləri gündə ən azı 2500 avro qazanmalıdır ki, kirayəni və işçilərin məvaciblərini ödəyə bilsinlər.
Taksi dayanacağında çalışan sürücülər də vəziyyətdən şikayətçidir. Dediklərinə görə, keçən il dayanacaqda 18 taksi dayanmadan çalışırdı. İndi isə ancaq 9 taksi dayanacağa gəlir. O taksilərin sürücüləri də 1-2 müştəri ilə günü yola verirlər.
24 saat çalışan bir taksinin gündəlik gəliri 80 faizə yaxın düşüb. Kəmərdə 5 ulduzlu iki oteli olan bir sahibkar isə otellərindən birini açmamağa qərar verib.
Bizdə isə 4 günə 700 AZN istəyirlər...
Bu il azərbaycanlılar üçün də Türkiyənin istirahət bölgələri əlçatan deyil. Məlumdur ki, turizm şirkətləri turları dollarla alır və müştəriyə də dollarla satır. Dolların gündəlik kursuna əsasən isə qiymətlər heç də ürəkaçan deyil.
Digər tərəfdən Türkiyədə turizmin ölü vəziyyətdə olmasını oxuyan istənilən şəxs düşünür ki, müştəri axınına məruz qalmayan turizm obyektində xidmət də, yeməklər də, qulluq da əvvəlki kimi olmayacaq. Üstəgəl, Türkiyədə son dönəm terror faktlarının artması insanı bu ölkədən bir qədər qorxudur. Əcəba, getdiyimiz yerdə terror ehtimalı ola bilərmi?
Bu kimi problemlər isə insanı istər-istəməz bölgələrimizdəki istirahət guşələrinə yönəldir.
Amma qiymətlərlə tanış olana qədər. Azərbaycanın Şəki, Qax, Quba, Qusar, Lerik, Şamaxı, Qəbələ kimi bölgələrində 4 nəfərlik ailənin istirahəti minimum 2 min manata başa gəlir.
Sözügedən bölgələrdə yerləşən sıradan otellərdən birində 1 həftə ərzində qalmaq yalnız səhər yeməyi daxil edilməklə, bir nəfər üçün 500-700 manat məbləğindədir.
Adi bir misal. “Qafqaz Qəbələ Resort” otelində 15 iyun - 31 avqust tarixlərində 5 gecə qalıb 4 gecə üçün 690 AZN ödəmək təklif olunur. Kampaniya 2 nəfərlik standart (double və ya twin) otaqlar üçün nəzərdə tutulub.
Qiymətə daxildir:
- 2 nəfərlik standart otaq;
- Səhər və axşam yeməyi;
- SPA mərkəzi;
- Hovuz;
Qeyd. Göstərilən qiymətlər Ramazan bayramı günlərinə (6-10 iyul tarixlərinə) şamil edilmir.
Yəni burada söhbət heç 1 həftədən də getmir. 4 gün üçün, hətta nahar da daxil edilmədən, 700 AZN-ə yaxın məbləğ bir nəfərə aiddir.
“Samaxi Palace” otelində isə 1 həftə istirahət, 7 gecə, 6 gün üçün 499 AZN tələb olunur. Bura ancaq səhər yeməyi və SPA daxildir.
Bilgəh, yoxsa Kabuleti?
Hesab edək ki, çox uzağa getmək istəmirsiz. Bilgəhdə, yaxınlıqda bir oteldə, dənizdə üzmək və təmiz hava almaqla istirahət planınız var.
Çox da tələsməyin. Çünki burada yerləşən “Jumeriah hotel”də bir nəfərin bir günlük qalmasının qiyməti 235 manatdan başlanır, ta 410 manata qədər. Sözügedən oteldə kral suitinin qiyməti isə... 7435 manatdır. Bəli, bir gecəsi... Odur ki, başqa fakta gərək varmı?
Buna görə də bir çox yerli turistlər Gürcüstan variantına üstünlük verirlər. Sosial şəbəkədə elanlarını yerləşdirən turizm şirkətlərindən biri Kabuletidə 7 günlük istirahət üçün cəmi 190 manata elan verib, iyul ayı üçün müştəri rezerv edir.
190 manata oteldə 6 gecə 7 gün qalmaq, gündə üç dəfə yemək, otelin bütün xidmətlərindən istifadə etmək daxildir. Bu isə azərbaycanlı turist üçün əlavə və daha sərfəli istirahət təklifidir.
Mənbə:> Musavat.com