Gürcüstan azərbaycanlı turistləri itirir
Gürcüstan Azərbaycandan olan turistlərini itirir – manatın devalvasiyası ölkənin turizm industriyasına növbəti zərbəni vurdu.
Oxu.Az “Biznes Qruziya”ya istinadən xəbər verir ki, bu, əsasən turistlərin yeni il ərəfəsində gəldikləri – Bakuriani və Qudauri dağ-xizək kurortlarına aiddir. İndi orada turistlərin çatışmazlığı aydın hiss edilir.
Bu, Gürcüstanın turizm industriyasına viza rejiminin tətbiqindən sonra ikinci zərbədir. Ənənəvi olaraq qış kurortlarında turistlərin 80-90%-i Azərbaycan vətəndaşları olurdu və kiçik ailəvi mehmanxanaların fəaliyyəti əsasən qonşu ölkədən gələn turistlərdən asılı idi.
Cari ildə vəziyyət dəyişib. “Komersant”ın apardığı sorğuda iştirak edən otel sahibləri istirahət edənlərin, əsasən də azərbaycanlıların sayının azalmasını bildiriblər. Bunun səbəbi isə manatın məzənnəsinin 50% ucuzlaşmasıdır.
“Vere Palas Bakuriani” mehmanxanasının menecmentinin məlumatına görə, budəfəki Yeni il bayramlarına Azərbaycandan gözəçarpacaq qədər az turist gəlib.
“Bizim əsas müştərilər azərbaycanlılar idi, amma indi onların axını azalıb. Yerli turistlərin də sayı azalıb. Azərbaycanlıların əvvəlki qədər çox gələ bilməmələrinin səbəbi iqtisadi çətinliklərdir.
Manatın devalvasiyası ilə onların gəlirləri kəskin azalıb və indi onların belə səfərlər üçün vəsaiti yoxdur”, - “Vere Palas”da bildiriblər.
Mehmanxanada 1 nəfərlik nömrənin qiyməti 100 dollar, luks nömrənin qiyməti isə 300 dollardır.
Azərbaycanlı turistlərin azalmasına dair “Avropa Bakuriani” otelində də danışırlar.
“Keçən illərdə bizim əsas turistlərimiz Azərbaycan vətəndaşları idi, indi vəziyyət dəyişib, böhran ucbatından azərbaycanlılar gələ bilmirlər, bu isə mehmanxananın vəziyyətinə neqativ təsir edir. Gürcü turistlərinə gəldikdə isə, onların da sayı azalıb. Pulu olanların əksəriyyəti Bakurianidə ev alıb, bu səbəbdəbn də mehmanxanaya pul sərf etməyə ehtiyac duymurlar”, - mehmanxanadan bildiriblər.
“Avropa Bakuriani” otelində bir nəfərlik nömrənin qiyməti 90 laridən başlayır.
“Ritsa” otelində də analoji vəziyyət yaranıb.
“Əvvəlki illərdə sakinlərimizin 80%-i azərbaycanlılar idi, indi onların sayı azalıb. İndi bizim mehmanxanada 5 azərbaycanlı ailə var. Yerli gürcü turistlərin də sayı azalıb”, - “Ritsa”dan bildiriblər.
“Ritsa”da 1 nəfərlik nömrənin qiyməti 60 dollardır.
“Otel apartment kompani”dən bəyan ediblər ki, manatın devalvasiyasına görə, Azərbaycan vətəndaşları bronları ləğv edirlər.
Qeyd edək ki, başa vurduğumuz ilin dekabrın 21-də Azərbaycanın Mərkəzi Bankı milli valyutanın - manatın üzən məzənnəyə keçdiyini elan edib, bundan sonra manatın məzənnəsi 50% azalıb.
Yanvarın 7-də Azərbaycan bankları valyuta satışını dayandırıb, dövlət dollar və avronun alışına məhdudiyyət qoyub.
Mənbə:> Oxu.Az