Bakı restoranlarında iftar süfrəsinin qiymətləri
Artıq bir neçə gündür Azərbaycanda bütün müsəlmanların müqəddəs bayramı hesab olunan Ramazan bayramı qeyd olunur.
Oxu.Az bununla bağlı olaraq iftar süfrəsi təklif edən Bakı restoranlarında menyunun qiyməti ilə bağlı araşdırma aparıb.
Monitorinqlərimiz göstərdi ki, iftar süfrəsi təklif edən Bakı restoranları menyuya daxil olan yeməklərin siyahısını azaltmaqla, qiymətdə dəyişiklik ediblər. Bəzi restoranlar isə bayramın gəlişinə baxmayaraq, iftar süfrəsi vermirdilər.
Başlayaq qiymətlərdən:
Belə ki, bir nəfərlik iftar süfrəsinin ən baha qiyməti 25 manat, ən ucuzu isə 7 manat idi.
“Kamerton” restoranından Oxu.Az-a bildirdilər ki, hazırda restoran rəhbərliyi tərəfindən belə bir menyu verilmir, amma yaxın günlərdə planlaşdırılır.
“Asia Türk” restoranından isə qeyd etdilər ki, bir nəfərlik menyunun qiyməti 15 manatdır. Amma qiymətlərdə güzəşt edə bilərik.
Restorandan qeyd ediblər ki, iftarı açmaq üçün birinci növbədə pendir, zeytun, xurma və s. verilir.
Daha sonra şorba, salat, isti qəlyanaltıların bütün növləri, ən sonda isə çay ilə birlikdə şirniyyat süfrəsi verilir.
“Ornament” restoranında isə qeyd etdilər ki, iftar menyusunun qiyməti 25 manatdır:
Restorandan verilən məlumata görə, iftar açmazdan əvvəl xurma, şorba, basdırma, pendir, pomidor, salat, kərə yağı, bal verilir.
Soyuq qəlyanaltıların sırasına isə badımcan salatı, haydarı, xumus, mövsum salatı, əzmə daxildir.
İsti qəlyanaltıların sırasına isə lavaşda kolbasa, lahmacun, əsas yemək isə plovlu quzu təndirdir. Sonda isə qarışıq şirniyyat.
Şirniyyatların sırasına isə əsasən türk məxtbəxindən olan şəkərparə, fındıqlı kadayıf, rəvani təklif edilir. Sonda isə soyuq içkilər.
Qeyd edək ki, restorandan bildiriblər ki, 25 manatlıq iftar süfrəsi 1 nəfər üçün nəzərdə tutulub.
“Dalida-de Luxe”-dən isə bildiribər ki, iftar menyusunun qiyməti 8 və 15 manat təşkil edir. 8 manatlıq menyunun tərkibinə yağ, pendir, pomidor, xiyar, zeytun, salatlar, 15 manatlıq iftar menyusuna isə üstəgəl isti qəlyənaltılar daxildir.
“Elif” türk restoranından isə bildirdilər ki, iftar süfrəsinin qiyməti 8 manatdan 25 manat arasında dəyişir.
“8 manata daxil olan menyunun tərkibinə mərcimək və digər şorbalar, dovğa, qarabaşaq, spagetti, isti qəlyanaltılardan quru fasulye, qarışıq dolma, antep tava, özbək plovu, toyuq jülyen, toyuq çığırtma, toyuq qızarması daxildir. 25 manatlıq menyunun tərkibinə isə isti qəlyanaltıların bütün növləri daxildir”, - deyə restorandan qeyd ediblər.
“Pizza İnn” restoranında isə iftar süfrəsinin qiyməti 12 manatdır, bura 2 cür əsas yeməklər: toyuq və ət yeməkləri, zeytun, xurma, salat, xiyar, pomidor, pendir, şorbalar daxildir. Sonda şirniyyat da verilir.
“Manqal” restoranından isə qeyd etdilər ki, hər axşam restoranda iftar süfrəsi verilir. Menyunun qiyməti 25 manatdır. Menyuya, şorba, xurma, ağ pendir, basdırma, pomidor, xiyar, zeytun, bal, kərə yağı verilir.
Soyuq qəlyanaltılardan isə badımcan salatı, haydari, xumus, arzulu əzmədir, mövsüm salatı.
İsti qəlyanaltılardan isə lavaşda kolbasa və lahmacundur, əsas yemək isə içi plovlu quzu təndirdir.
Üstəgəl restoran digərlərində olduğu kimi, müştərilərinə şirniyyat süfrəsi də verir. Çay süfrəsində isə ancaq şirniyyat növlərindən şəkərparə, rəvani, fındıqlı kadayifi seçmək olar.
Alkoqolsuz içkilər də menyuya daxildir.
“Manqal” restoranından həmçinin vurğuladılar ki, menyu 1 nəfər üçün nəzərdə tutulub.
“Restoran Art”da isə iftar menyusunun qiyməti 7 manat təşkil edir. Bura isə 5-6 növdə alkoqolsuz içkilər, bir neçə çeşiddə salatlar, qəlyanaltılar, xurma, pomidor, xiyar daxildir.
Qeyd edək ki, restoranda şirniyyat süfrəsi verilmir.
İkinci devalvasiyadan sonra, xidmət sektoru ciddi müştəri itkisi ilə üzləşmişdi. Çox güman ki, onların ötən illə müqayisədə qiymətləri 3-4 dəfə azaltması da ondan xəbər verir ki, restoranlar bununla itkilərini kompensasiya etməyi düşünürlər.
Xatırldaq ki, ötən il Ramazan menyusunun maksimum qiyməti 66 manat idi.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli