Kənd Təsərrüfatı Nazirliyindən yeni start-ap
Kənd təsərrüfatı məhsullarının istehsalından tutmuş, son istehlakçıya gedib çatdırılmasınadək maraqlı olan qruplar bir araya gətirilərək maliyyələşdiriləcək.
Oxu.Az xəbər verir ki dəyər zəncirlərinin yaradılmasını ifadə edən bu iş Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının birgə icra etdikləri “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində görüləcək.
Məqsəd rəqabətə davamlı məhsul istehsalı və tədarükü üçün Azərbaycana məxsus müasir model yaratmaq və həmin modeli bütün ölkədə tətbiq etməkdir.
Layihənin xidmət təminatçısının seçimi artıq başa çatıb və maliyyə, satınalma kimi vacib prosedurlar üzrə təminatçını məlumatlandırmaq məqsədilə Gəncə şəhərində təlim keçirilib.
Yaxın günlərdə xidmət təminatçısı dəyər zəncirlərini formalaşdıran qrupları seçib bir araya toplamaq üçün fəaliyyətə başlayacaq.
Xidmət Təminatçısı rəqabətə davamlı və ixrac qabiliyyətli məhsulların geniş və müasir standartlara uyğun istehsalını təmin edə biləcək iştirakçıları müəyyən edərək, onları dəyər zəncirlərində iştiraka dəvət edəcək.
Layihə çərçivəsində ölkə ərazisində rəqabətə davamlı dəyər zəncirləri qurmaq məqsədi ilə ən azı 20 məhsuldar tərəfdaşlıq təşkil etmək (20 dəyər zənciri yaratmaq) nəzərdə tutulur.
Bu dəyər zəncirlərinin ən azı 60%-də məhsuldarlığın dayanıqlı artımının təmin edilməsi qarşıya məqsəd qoyulub.
Dünya Bankı ilə birgə həyata keçirilən “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi kənd təsərrüfatı sahəsində icrada olan Dövlət Proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsinə yönəlib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli