Xaricə gedən turistlərlə bağlı gözlənilməz təklif
Azərbaycanda xaricə səfərə gedən turistlərin məcburi qaydada sığortalanması təklif edilir.
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov Trend-ə bildirib ki, Azərbaycanda turistlərin sığortalanması hazırda könüllülük prinsipi əsasında həyata keçirilir.
Azərbaycandan gedən bütün turistlərin sığortalanmasını çox vacib hal sayan N.Bağırov deyib ki, xarici səfərə gedən turistlərin məcburi qaydada sığortalanması həm turizm şirkətinin, həm də turistin özünün işini asanlaşdırar: "Təəssüflər olsun ki, bizim çox sayda turistlərimiz turist səfəri zamanı sığortaya görə əlavə ödənişin tələb olunduğunu gördükdə onu ödəmək istəmirlər. Buna görə də bu, məcburi olmalıdır. Təcrübə də göstərir ki, gedən turistlər çoxsaylı problemlə qarşılaşırlar. Ən çox problem də uşaqlarla səfərə çıxanlarda olur, çünki əksər hallarda uşaqların səhhətində problemlər olur. Problem olanda vətəndaş üçün səfəri təşkil edən turizm şirkətinin həmin ölkədəki partnyoru turistlə maraqlanır. Bu da çox gözəl bir haldır. Amma bəzən turistlər sığorta müqaviləsinin əhatə etdiyi xidmətlərdən də düzgün istifadə etmirlər, ölkəyə qayıtdıqdan sonra isə gəlib deyirlər ki, pulumu geri qaytar. Amma müqavilədə də qeyd edilir ki, problem olanda turist yerində şirkətə zəng etməlidir. Onlar geri qayıtdıqdan sonra nə isə tələb edə bilməzlər".
O qeyd edib ki, əgər turistin beynəlxalq sığortası varsa, onda onun səfər zamanı yenidən sığortalanmasına ehtiyac yoxdur. Çünki bütün dünyada istifadəsi mümkün olan beynəlxalq sığortanı həyata keçirən şirkətin yerlərdəki partnyorları sığorta üzrə müqavilədəki bütün öhdəlikləri yerinə yetirirlər.
Assosiasiya sədri deyib ki, səfərə gedən turistlər üçün müxtəlif cür sığorta növləri təklif edilir. Şirkətlər tərəfindən turistlərə daha çox tibbi sığorta təklif edilir.
N.Bağırovun sözlərinə görə, səfər zamanı sığortalanmanın dəyəri hər gün üçün, adətən, bir dollar hesablanır: "Səfər günlərinin sayı çox olduqda isə bu məbləğ daha da azalır. Məsələn, səfər 10 günlük olarsa, artıq sığortanın məbləği 8 dollar olur".
O əlavə edib ki, turistlərin sığortalanması üçün hər bir turizm şirkəti hər hansı bir sığorta şirkəti ilə müqavilə bağlayır: "Bundan sonra sığorta şirkəti özünün blanklarını turizm şirkətlərinin əməkdaşlarına verir. Onlar putyovkaları qeydiyyata alanda həmin sığorta şirkətinin sığortasını turistə təklif edirlər".
Turistlərə müəyyən tövsiyələrini də edən AzTA sədri qeyd edib ki, turistlər müqavilə olmadan putyovka əldə etməsinlər: "Turistlər turizm şirkətlərindən tərəflər arasında qarşılıqlı münasibətləri tənzimləyən müqaviləni tələb etməli, onu diqqətlə oxumalı, daha sonra onu imzalamalıdırlar".
Mənbə:> Trend