Yunanıstan TAP-ın inşasına başlayır
Bu gün Yunanıstanın Saloniki şəhərində TAP qaz boru kəmərinin inşasının başlanması münasibətilə təntənəli mərasim keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
Tədbirdə Yunanıstanın baş naziri Aleksis Tsipras, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç, Bolqarıstanın energetika naziri Temenujka Petkova, TAP-ın icraçı direktoru Yen Bredşou, o cümlədən konsorsiuma daxil olan şirkətlərin (BP, SOCAR, Snam, Fluxis, Enagas və Axpo) nümayəndələri iştirak edəcək.
Həmçinin layihədə iştirak edən ölkələrin nümayəndə heyətlərinin də mərasimə qatılacaqları gözlənilir.
TAP “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılmasını nəzərdə tutur. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq.
Azərbaycanın “Şahdəniz” yatağından ilk qazın TAP ilə Avropaya çatdırılması 2020-ci ildə gözlənilir.
TAP-ın sonradan 20 milyard kubmetrə qədər artırılacaq güc imkanları, ilkin olaraq ildə 10 milyard kubmetrdən ibarət olacaq.
Qaz boru kəmərinin 550 km-i Yunanıstan ərazisindən keçəcək.
Yunanıstanın Energetika Nazirliyində qaz kəmərinin iqtisadi cəhətdən yüksək səmərəli olacağını ehtimal edirlər. Qiymətləndirmələrə görə, layihə 8-10 min iş yerinin yaranmasına, yunan şirkətlərinin işlərdə və inşaat materiallarının tədarükündə iştirak etməsinə gətirib çıxaracaq.
Afina TAP-a strateji layihə kimi baxır – Yunanıstan ilk dəfə regionun enerji xəritəsində yer alacaq, həmçinin qaz kəməri beynəlxalq əhəmiyyət kəsb edir və ölkənin geosiyasi mahiyyətini artırır. Bundan başqa, Yunanıstan 2 milyard avro həcmində birbaşa investisiyalar alacaq.
Daha öncə Yunanıstanın ətraf mühiti mühafizə və Energetika Nazirliyində olan mənbə bəyan etmişdi ki, TAP qaz boru kəməri layihəsinin həyata keçirilməsindən hakimiyyət razıdır, ilkin işlərin mahiyyətini qeyd etmək üçün isə mərasim keçirmək qərara alınıb.
“Biz layihənin cədvələ müvafiq olaraq həyata keçiriləcəyini ehtimal edirik”, - mənbə bildirib.
Mənbə:> Oxu.Az