Yunanıstan: TAP-ın təməli mayın 17-də qoyulacaq
“Trans-Adriatik” (TAP) qaz boru kəmərinin təməlinin qoyulması mərasimi mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçiriləcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji naziri Panos Skurletis bildirib.
“Çoxsaylı iş yerlərinin yaradılmasına səbəb olacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin təməlinin qoyulması mərasimi nüfuzlu siyasətçilərin iştirakı ilə mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçiriləcək”, - nazir mətbuat konfransında bildirib.
Uzunluğu 878 kilometr olacaq TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində “Trans-Anadolu” qaz boru kəmərinə (TANAP) birləşəcək.
TAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.
Mənbə:> Oxu.Az