Gəncə çayı üzərindəki körpünün təmiri yekunlaşdı – FOTO
Gəncə şəhərinin Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində sözügedən avtomobil yolunun tikintisi işləri davam etdirlir.
“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır.
“19,4 km olan Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun eni ərazilərdən asılı olaraq 5-10 metr arası dəyişirdi. Layihəyə uyğun olaraq hazırda yol 2 və 3-cü texniki dərəcəyə uyğun, ərazilərdən asılı olaraq 12-18,5 metrə qədər genişləndirilir”, - deyə məlumatda qeyd olunub.
Avtomobil yolunun ilk 8 km-lik hissəsi 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Burda 2 hərəkət zolaqlı olmaqla yol yatağının eni 12 metr, yolun hərəkət hissəsinin eni isə 8 metr olacaq. Yolun 8-19 km-lik hissəsi isə 2-ci texniki dərəcəyə uyğun tikilməklə 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bu hissədə yol yatağının eni 18,5 metr, yolun hərəkət hissəsinin eni isə 12 metr olacaq.
Layihəyə uyğun olaraq yol boyu hər bir istiqamət üzrə 2 metr enində çiyinlərin, yaşayış məntəqələrindən keçən hissələrdə isə vətəndaşların təhlükəsizliyini təmin etmək üçün isə 2 metr enində piyada səkilərinin tikintisi işləri aparılır. Piyada səkilərinin kənarlarına və zəruri olan yerlərə 51 min p/m səki daşının düzülməsi nəzərdə tutulub.
Bundan başqa, tikinti işləri çərçivəsində əkin sahələrinə suların ötürülməsi üçün avtomobil yolunun altından zəruri olan yerlərdə borular qoyulacaq, drenaj işləri üzrə zəruri olan yerlərdə açıq beton küvetlər tikiləcək.
Hazırda sözügedən yolda torpaq işləri görülür, mövcud yol 1 metrə qədər qazılaraq yeni yol yatağı və yol əsası tikilir, mövcud dəmir yolu üzərində yerləşən avtomobil körpüsü təmir olunur. Sözügedən körpünün uzunluğu 48 metr, eni 9 metr, yolun hərəkət hissəsinin eni isə 7 metrdir. Körpüdə hər bir istiqamət üzrə 1 metr enində piyada səkiləri də tikilib.
Yenidənqurma işləri çərçivəsində yolun 8-ci kilometrliyində yerləşən Gəncə çayı üzərindəki körpünün isə təmiri yekunlaşıb. 2 aşırımlı körpünün uzunluğu 63 metr, eni 9 metr, hərəkət hissəsinin eni isə 8 metrdir. Körpüdə vətəndaşların təhlükəsiz hərəkəti üçün 1 metr enində piyada səkisi də tikilib.
Torpaq işləri yekunlaşandan sonra yolun hərəkət hissəsinə 2 qat ( 7+5 sm ) olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə 200 min kvadratmetr ərazinin asfaltlanması nəzərdə tutulub.
Tikinti işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Yolun tikintisi ilə yol üzərində yerləşən yaşayış məntəqələrinin sakinlərinin Gəncə şəhərinə, Samux rayonuna və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.
Mənbə:> Oxu.Az