Bakının "aradüzəldənlər"i » AzNews.info -Xəbər portalı

Bakının "aradüzəldənlər"i

Bakının "aradüzəldənlər"i


“Əvvəllər məhsullarımızı Bakıda “Təzə bazar”a aparardıq. Sonradan buna imkan vermədilər. Bir qrup alverçi bizi bazara buraxmadı. Başqa bazarlarda da imkan vermirlər. Deyirlər ki, burada hər kəsin öz yeri var. Ət satanlarımız var. İstəyirsiz heyvanları diri-diri dəyər-dəyməzinə sat”. Bu barədə ANS PRESS-in “qaynar xətti”nə lənkəranlı fermer Musa Muradov bildirib.

30 ildən çox heyvandarlıqla məşğul olan 57 yaşlı Musa Muradov deyir ki, məhsulunu bazarlara çıxarmağa imkan vermirlər. Hansı bazara gedirsə deyirlər ki, yer yoxdur. Deyirlər ki, məhsulu çox aşağı qiymətə alverçilərə ver.

“Bizdən mal ətinin kiloqramını 3 manata istəyirlər. Qoyun ətinin kiloqramını isə 4-5 manata. Özləri isə bazarda qoyun ətini 10-11, mal ətinin kiloqramını isə 7-8 manata satırlar. Bu əsl quldurluqdur”, -deyə Musa Muradov vurğulanıb.

Əslində bu problem təkcə heyvandarların deyil. Bu cür çətinliklə demək olar ki, ölkənin bütün fermerləri qartşılaşır. Qubada “Rüklü” ləqəbilə məşhur olan fermer Pirəli Bayramov bankrot olmaq təhlükəsilə üz-üzə qalıb. Rayonda alma bağlarının sahibi olan “Rüklü” ANS PRESS-ə açıqlamasında məhsullarının əlində qaldığını bildirib. Onun sözlərinə görə, bu il quraqlıq olmasına baxmayarq, məhsuldarlıq yaxşı olub.

“Düzdür bu il quraq keçdi. Lakin dişimizlə-dırnağımızla çalışıb, məhsuldarlığı qaldırdıq. Ötən illərə nisbətə bu il daha yaxşı məhsul verdik. İndi isə məhsullarımız əlimizdə qalıb. Bazara çıxara bilmirik”, - deyə Pirəli Bayramov şikayətlənib.

Fermer deyir ki, məhsulu Bakıda bazara aparanda deyirlər yer yoxdur. Onun özlərinə görə, ancaq alverçilər, ya da topdansatış məntəqələri məhsulları ucuz qiymətə alırlar.

“Almanın bir yeşiyini, yəni 28-30 kiloqramnı 2 manata, ən yaxşı halda 3 manata alırlar. Hansı ki, həmin almaları bazarlarda kiloqramı 60, 80 qəpik və 1 manata satırlar. Bizə imkan versələr ki, məhsulumuzu özümüz sataq, onda almanın kiloqramını 20-30 qəpiyə verərik. Həm özümüz qazanarıq, həm də camaat ucuz qiymətə meyvə ala bilərlər”, - deyə Pirəli Bayramov bildirib.

Eyni problemlərdən Cəlilabad rayonunda kartof əkinilə məşğul olan Xankişi Hüseynov da şikayət edib. Onun sözlərinə görə, Bakı bazarlarında 1 manat 20 qəpiyə satılan kartofu onlardan kiloqramı 30-35 qəpiyə alırlar. Fermer deyir ki, əgər məhsullarını özləri satsaydılar onu 50-60 qəpiyə satardılar.

Qeyd edək ki, bu gün bazarda təxminən 1 manat-80 qəpiyə satılan məhsulun kənddəki istehsalçı dəyəri 10-15 qəpiyədir. Bu qədər qiymət fərqinin yaranmasının isə nə kəndliyə, nə də vətəndaşa bir xeyri yoxdur. Burada qazanan yalnız vasitəçi işbazlardır.

“Nəzimi” bazarı, “Yaşıl bazar” və Biləcəri qəsəbəsindəki bazarda apardığımız müşahidələrə əsasən deyə bilərik ki, fermerlərə öz məhsullarını satmağa şərait yaradılmır. Burada satıcıların hamısı loru dillə desək alverçilərdir.

Alverçilərdən öyrəndik ki, satdıqları məhsulları meyvə-tərəvəz topdan və pərakəndə satış bazasından alırlar. Üstünə əlavə pul qoyub satırlar.

Bəs bazarlarda fermerlər üçün yerin qəhətə çəkilməsinə səbəb nədir? Necə olur ki, kəndlinin su qiymətinə paytaxta gətirdikləri məhsullar bazara od qiymətinə gedib çıxır? Suallarımıza cavab tapmaq üçün ilk öncə Bakıda məşhur ət pavilyonlarından birinin sahibi Əli Hacıyevlə əlaqə saxladıq. Bazar müdiri ANS PRESS-ə açıqlamasında bidirdi ki, əslində problemin izahı çox sadədir. O deyir ki, fermerlər bazara gələrkən kimlə danışacaqlarını bilmirlər. Onlar bazar nəzarətçisilə danışırlar.

“Hansısa fermer mənə müraciət edəndə onun üçün xüsusi yer ayırıram. Onun üçün hər bir şərait yaradılır”, - deyə baza müdiri bildirib.

Əli Hacıyev etiraf edir ki, satıcıların çoxu bazarın daimi alverçiləridir. Onlar ilin bütün fəsillərində yer haqqı ödəyirlər və alverlərini edirlər. Təbii ki, onlar kənardan ucuz qiymətə mal satan fermerin bazara gəlməsində maraqlı deyillər.

Eyni problem elə Biləcəridəki kənd təsərrüfatı məhsullarının satıldığı bazarda da mövcuddur. Bazar rəhbərliyi deyir ki, oradakı alverçilər olmasa, müəssisə işləyə bilməz. Çünki onlar bazarda yer haqqını əvvəlcədən ödəyirlər. Lakin fermerlər əllərində nəğd pul olmadığı üçün yer haqqını məhsullarını satdıqdan sonra ödəməyi istəyirlər. Bu da mövcud xərclərin ödənilməsində problemlər yaradır. Bazar rəhbərliyi eyni zamanda bildirdi ki, ora istənilən fermer müraciət edə bilər. Bunun üçün bazar bir az da genişləndirilib. Müraciət isə birbaşa bazar rəhbərliyinə edilsə daha yaxşı olar.

Bazar rəhbərliyi özü də etiraf etdi o, onun üçün yer pulu və ümumilikdə bütün bazar xərclərini əvvəlcədən ödəyən satıcı daha sərfəlidir nəinki məhsulunu satandan sonra ödəyən fermer.

Ekspertlər isə bu vəziyyəti aradan qaldırmaq üçün konkret addımlar atılmasını vacib sayırlar. İqtisadçı Vahid Məhərrəmov ANS PRESS-ə açıqlamasında qeyd edir ki, əslində kəndli ilə alıcı arasındakı vasitəçiləri bazardan ümumiyyətlə çıxarmaq lazımdır: “Bunun üçün hökumət çalışmalıdır ki, həmin sahibkarlarla fermerlər arasında vasitəçi olsunlar. Fermerlərlə sahibkarlar arasında birbaşa müqavilələr bağlansın. Bazar sahibkarı ilə kəndli arasında xüsusi razılaşma olmalıdır. Həmin müqavilədə göstərilməlidir ki, bazarda filan yer filan vaxtda bu kəndli üçün hazır olmalıdır. Kəndli də, əkdiyi müəyyən məhsulu həmin tarixdə gətirib ora qoymalıdır və satmalıdır”.

Mütəxəssis deyir ki, bu amilləri nəzərə alaraq "yaşıl market" layihəsi irəli sürülmüşdü. Ancaq, hazırkı vəziyyətdə bu layihə nədənsə reallaşmır. Ekspert bildirir ki, "yaşıl market"lər digər marketlərdən bir çox xüsusiyyətlərinə görə seçilməlidir.

Ekspert bildirir ki, əslində fermerlərə şərait yaradılmalıdır ki, onlar öz məhsullarını ya özləri "yaşıl marketlər"də satsınlar, ya da sahibkarlar onlarla müqavilə bağlayaraq bu məhsulları fermerlərdən alsınlar. Hər iki halda bu sistem çox əlverişlidir: ""Yaşıl market"lər tam mənası ilə fəaliyyətə düşəcəyi təqdirdə həm əhali məhsulu ucuz qiymətə ala biləcək, həm marketin sahibi, həm də kəndli qazanc əldə edəcək. Əks təqdirdə bazarda məhsulun qiymətinin aşağı salınması mümkün olmayacaq".

Kənd Təsərrüfatı Nazirliyindən isə məsələyə nikbin yanaşırlar. Nazirlikdən ANS PRESS-ə bildiriblər ki, layihə üzrə tezliklə tutarlı addımlar açıqlanacaq və Bakı əhalisi yenidən keyfiyyətli yerli məhsullarla qidalanacaq. Nazirlikdən həmçinin bildirilir ki, mövcud problemin aradan qaldırılması istiqamətində şənbə və bazar günləri yarmarkalar təşkil olunur. Gələcəkdə belə yarmarkaların həftənin bütün günlərində keçirilməsi ehtimalı var. Nə deyirik... Təki elə olsun. Ancaq istənilən halda bazar kənddən öz məhsulunu gətirərək satmaq istəyən fermerləri qarşılayan alma, ət, kartof-soğan məsələlərinə baxan "aradüzəldənlər"dən təmizlənməlidir. Onda biz bazarda ucuzlaşmadan danışa bilərik.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *