TANAP-ın çəkilişi qrafikə uyğun davam edir
Neftin aşağı qiymətləri və əlavə kreditlərə ehtiyacın olmasına baxmayaraq, Trans-Anadolu qaz boru kəməri layihəsi (TANAP) proqnozlaşdırılan qrafikə uyğun olaraq davam edir.
Oxu.Az naturalgaseurope-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Neft Şirkəti Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.
V.Əliyev onu da əlavə edib ki, layihənin inkişafına dair heç bir maliyyə problemi yoxdur.
Məlumat üçün bildirək ki, yaxın aylarda layihəyə 2,13 milyard dollar dəyərində vəsaitin Dünya Bankı və Avropa İnvestisiya Bankı tərəfindən kreditin ayrılması nəzərdə tutulub.
Əldə olunan kredit layihədə 30% paya sahib olan və TANAP-a 780 milyon dollar investisiya edən Türkiyənin BOTAŞ şirkəti tərəfindən istifadə olunacaq.
Qeyd edək ki, TANAP 10-11 mlrd. dollar dəyərində qiymətləndirilir.
Layihədə payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.
Xatırladaq ki, TANAP-a ilk qaz axını 2018-ci ildə baş tutacaq. TANAP-ın başlanğıcda nəqletmə qabiliyyəti ilkin mərhələdə 16 milyard kubmetr olacaq, sonrakı mərhələlərdə isə bu rəqəm 24 milyard kubmetrdən 31 milyard kubmetrədək artırılacaq.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli