“Azneft”: Bu il proqnozdan 3% artıq qaz hasil edilib
Cari ilin yanvar-fevral ayları ərzində Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi üzrə 1 milyon 37,8 min ton neft hasil edilib. Bu ilin iki ayında hasilat planı 1 milyon 34,4 min ton təşkil edib ki, tapşırığa 0,3% artıq əməl olunub.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Azneft” İB-dən bildirilib.
Məlumata görə, ilin 2 ayı ərzində qaz hasilatı sahəsindəki göstəricilərdə də artım tempi müşahidə olunub.
Belə ki, 2016-cı ilin müvafiq dövrü ərzində 917,140 milyon kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 944,609 milyon kubmetrə bərabər olub. Plan 103% yerinə yetirilib.
“Azneft”dən bildirilib ki, ötən 2 ay ərzində fəaliyyətsiz quyu fondundan 27 quyu istismara qaytarılıb.
Bu quyulardan 629 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 3956 ton neft alınıb ki, bu da plandan 3327 ton çoxdur.
Bundan başqa, fevral ayı ərzində İB-nin sifarişi əsasında 9 quyu qazılaraq istismara verilib.
Qurumdan onu da qeyd ediblər ki, yeni quyuların qazılması nəticəsində 3704 ton neft hasil edilib.
Mənbə:> Oxu.Az