"Qalaaltı" ilə bağlı həyata keçirilən beynəlxalq layihənin növbəti hədəfləri müzakirə olunmuşdur – FOTO
Martın 3-də Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov, nazirliyin aparıcı məsləhətçisi Günel Aslanova, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev, turizm üzrə ekspert Ceyhun Aşurovdan ibarət nümayəndə heyəti “Qalaaltı” sağlamlıq və istirahət mərkəzində səfərdə oldular.
AzNews.info xəbər verir ki, nazirliyin şöbə müdiri Vüqar Şixəmmədov səfərin məqsədi barədə kurort rəhbərliyinə məlumat verərək bildirdi ki, “Qalaaltı” kurort mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Avropanın Tarixi Termal Şəhərləri Assosasiyasına (ATTŞA) üzv seçilmişdir. Bu ilin aprel ayında Çexiyanın Karlova Varı şəhərində keçiriləcək toplantıda üzvlük rəsmi şəkildə kurort rəhbərliyinə təqdim ediləcək. Həmin təqdimatda isə “Qalalatı” kurortunun nümayəndəsinin iştirakı da nəzərdə tutulmuşdur. Şöbə müdiri həmçinin nəzərə çatdırdı ki, eyni istiqamətdə 6 marşrut üzrə layihə təqdim edilib və sevindirici məqamdır ki, ötən ilin iyun ayında ATTŞA-nın nümayəndələri Azərbaycana səfər etdi və “Qalaaltı” kurortunu üzvlüyə layiq bildilər. Burada strateji əhəmiyyət də mühüm önəm kəsb edir. Görüşdə iştirak edən Nazirliyin aparıcı məsləhətçisi Günel Aslanova bildirdi ki, ötən ilin iyul ayında Bursa şəhərinin vitse qubernatoru Ahmet Hikmet Şahin və ATTŞA-nın layihə ekperti Tomas Pinet “Qalaaltı” da səfərdə olmuşlar. Bu layihəyə 14 ölkə üzvdür. Bu ilin aprel ayının 14-də Çexiyada “Qalaaltı”nın təqdimatı reallaşacaq. Genel Aslanova layihənin reallaşmasını gələcəkdə regionun Avropada tanıdılması və turistlərin cəlb olunması üçün unikal addım adlandırdı.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin (ASTTD) sədri Ruslan Quliyev Mədəniyyət və Turizm nazirliyinə təşəkkürünü bildirərək Sağlamlıq Turizminin istiqamət kimi qəbul olunmasından məmnunluğunu ifadə etdi. Əlavə etdi ki, Sağlamlıq Turizmi ilə bağlı Azərbaycanın ənənələri mövcuddur və bu ənənələrin bərpası yeni innovativ sistemləri təqdim etməklə daha da geniş coğrafiyada tanıtmaq mümkündür. Mövcud olan bazanın təqdim edilməsi bizim əsas prioritet istiqamətimizdir. ASTTD-nın yaradılması da ölkənin bu sahədə potensialını daha geniş şəkildə tanıtmaqdır. Ruslan Quliyev əlavə etdi ki, layihənin davamlı olması üçün bütün səmərəli təkliflərdən istifadə etmək lazımdır. Ölkədə fəaliyyət göstərən sağlamlıq mərkəzlərindən məhz “Qalaaltı”nın Avropanın termal şəhərlər xəritəsinə düşməsi onun imkanlarının və turizm axınına da müsbət təsiri özünü göstərəcək. Burada dövlətlərarası saziş var və gələcəkdə bu layihənin bəhrəsini görəcəyik.
Sonra “Qalaaltı” sağlamlıq və istirahət mərkəzinin rəhbəri Erkut Karaçocuk qonaqlara göstərilən təşəbbüsə görə minnətdarlığını və birgə əməkdaşlıq üçün görüləcək işlərə hər zaman açıq olduqlarını bildirdi. O, layihə çərçivəsində reallaşacaq razılaşmalarda Mədəniyyət və Turizm nazirliyi ilə əməkdaşlığın vacibliyini vurğuladı.
Daha sonra Mədəniyyət və Turizm Nazirliyi və ASTTD ilə birgə təqdimatın detalları, üzv ölkələrin növbəti toplantısının Azərbaycanda keçirilməsi eləcə də “Qalalatı” sağlamlıq və istirahət istirahət mərkəzinin gələcəkdə təbliğat-təşviqat işlərinin aparılması yönündə birgə işlər müzakirə olundu.
Müzakirələrdən sonra “Qalaaltı” sağlamlıq və istirahət mərkəzi ilə tanışlıq oldu. Mərkəzin baş həkimi Vahid Vəliyev burada fəaliyyət göstərən diaqnostik poliklinika, fizioterapeya otaqları, ən müasir tibbi avadanlıqlarla təhciz olunmuş laboratoriyalar haqqında məlumat verdi. Mərkəz gün ərzində 800-dən artıq qonağı qəbul etməyə imkan verir. Burada həmçinin massaj, trenajor zalları da fəaliyyət göstərir. Zövqlü otaqlar və konfrans zalları da fəaliyyətdədir ki, hər bir qonağın büdcəsinə uyğun xidmət təklif olunur.
Mənbə:> AzNews.info