Azərbaycanın qış turizminin imkanları Moskvada təqdim edildi – FOTO
25 fevral 2016-cı il tarixində Rusiyanın Moskva şəhərində Parlamentskaya qəzeti tərəfindən "Rusiya və MDB ölkələrində qış turizmi; inkişafın perspektivləri " adlı dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Rusiya Federal Turizm Agentliyinin (Rosturizm) sədr müavini Nikolay Korolev, Rusiya İctimai Palatasının üzvü Sergey Markov, Rusiya Dumasının üzvü Olqa Kazakova, Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, “Tur A Vent” şirkətinin layihə rəhbəri İqor Şaluhov, Şahdağ Turizm Mərkəzi vəTufandağ Qış – Yay Turizm Kompleksinin əməkdaşları və bir sıra nümayəndələr iştirak etmişdir.
Qeyd edək ki, Parlamentskaya qəzeti tərəfindən keçirilən bu kimi tədbirlər mütəmadi olaraq keçirilir. Tədbirin keçirilməsində məqsəd ictimai fikri formalaşdırmaq və rus turistlərinin səfər edəcəyi istiqamətləri müəyyənləşdirməkdir.
AzNews.info-nun məlumatına görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında bildirmişdir ki, iki ölkə arasında digər sahələrdə olduğu kimi turizm sahəsində də ildən-ilə əməkdaşlıq inkişaf edir və rus turistlərin sayı hər il artır. 2011-ci ilin ölkə başçısı tərəfindən “Turizm ili” elan edilməsindən bəhs edən səfir, dövlətin bu sahəyə xüsusi diqqət və qayğısından, qış turizminə qoyulan dövlət investisiyasından da söhbət açmışdır. Eləcə də, səfir bu ilin “Multikulturalizm ili” olduğunu və bununla da, Azərbaycanın müxtəlif xalqların bir yerdə yaşamağı üçün ən gözəl nümunəsinin göstərdiyini bildirmişdir. P. Bülbüloğlu çıxışında 24 fevral 2016-cı il tarixində Moskvada açılışı keçirilən Azərbaycanın Rusiyada ilk turizm nümayəndəliyi olan “Tour A Vent” şirkətinin təqdimatı mərasimindən də bəhs etmişdir. Çıxışının sonunda səfir rus turistləri ölkəmizə dəvət etdi.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Azərbaycanda turizmin son illərdəki yüksəliş dinamikası haqqında geniş məlumat vermiş və son 5 ildə qış turizminin yeni turizm məhsulu kimi yaradılması və inkişaf etdirildiyini qeyd etmişdir. Şahdağ Turizm Mərkəzi və Tufandağ Qış- Yay Turizm Kompleksinin yaradılmasının da ölkədə qış turizminin inkişafını göstərdiyini xüsusi vurğulamışdır. Həmçinin, V.Şixəmmədov bildirmişdir ki, Rusiyadan Azərbaycana gələn turistlər ölkəmizə gələn turistlərin 30 faizdən çoxunu təşkil edir. Çıxışda turizmin inkişafını göstərən statistik rəqəmlər də qeyd edilmişdir. Vüqar Şixəmmədov “Azərbaycan Breakfast” haqqında moderatorun sualına ətraflı cavab verərək qeyd etmişdir ki, “Azərbaycan Breakfast” brendi Mədəniyyət və Turizm Nazirliyinin layihəsidir və bu layihənin yaradılmasında məqsədi ölkəmizə gələn turistlərə Azərbaycan mətbəxinin özəlliklərini göstərməkdir. Gələcəkdə dünyada mövcud olan səhər yeməyi brendləri sırasına "Azərbaycan Breakfast" adlı brendin də qoşulması prioritet istiqamətlərdəndir.
Daha sonra Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov çıxış edərək Assosiasiyanın fəaliyyəti və Ümumdünya Turizm Təşkilatına (ÜTT) üzvlüyü haqqında məlumat vermişdir. Həmçinin, Rusiyada Azərbaycan nümayəndəliyinin açılışı mərasimində Assosiasiyanın imzaladığı memorandumların əhəmiyyətindən bəhs etmiş və bu əməkdaşlıqların daha da genişləndirilməsinin vacibliyini bildirdi. Həmçinin qeyd etdi ki, ölkəmiz yalnız Rusiya deyil, digər MDB ölkələrindən də turistlərin cəlb olunmasında maraqlıdır.
Tədbirdə həmçinin, “Tur A Vent” şirkətinin layihə rəhbəri İqor Şaluhov, Şahdağ Turizm Mərkəzi və Tufandağ Qış – Yay Turizm Kompleksinin nümayəndələri də təqdimat keçirmişlər.
Mənbə:> AzNews.info