Azərbaycanda uçot faiz dərəcəsi niyə artırıldı? – RƏY
Azərbaycanda uçot faiz dərəcəsinin artırılması ölkədə müşahidə edilən inflyasiya səviyyəsinə, eləcə də Mərkəzi Bankını(AMB) mövcud məzənnə siyasətinə uyğundur.
Bildiyiniz kimi əvvəlki uçot faiz dərəcəsinin dövrlərdə azaldılması həyata keçirildi. Bu isə onunla bağlı idi ki, həmin dövrlərdə ölkədə inflyasiya səviyyəsi aşağı idi, eləcə də məzənnə siyasətində dəyişiklik edilməmişdi.
Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov Azərbaycan Mərkəzi Bankının (AMB) son qərarını şərh edərkən bildirib.
“Nəzərə alsaq ki, Maliyyə Nazirliyi 2016-ci ildə ölkədə 10-12% inflyasiya olacağını proqnozlaşdırır, təbii ki, uçot faiz dərəcəsinin inflyasiya səviyyəsinə uyğunlaşdırılmasına ehtiyac var idi”, - deyə CESD-in rəhbəri qeyd edib.
V.Bayramov hesab edir ki, AMB banklara mərkəzləşdirilmiş kreditlər ayıra bilər:
“AMB biznesə təsirləri stimullaşdırmaq üçün bundan sonra çox güman ki, çalışacaq ki, banklara mərkəzləşdirilmiş kreditlər versin. Çünki bank sektoruna daha çox mərkəzləşdirilmiş kreditləri verməklə, bankların uçot faiz dərəcəsinindən istifadə etmək imkanlarını genişləndirə bilər. Bu həm bankların sağlamlaşdırılmasına, həm də bankların vəsaiti real sektorun inkişafına yönləndirməsinə səbəb ola bilər.
Güman etmirəm ki, uçot faiz dərəcəsinin artırılması bütövlükdə, məzənnə və pul siyasətinə ciddi təsir edəcək. Bu təsirlər gözlənilmir”.
Ekspert bir daha vurğulayıb ki, AMB-nin uçot faiz dərəcəsinin dəyişdirilməsi sadəcə, mövcud məzənnə və inflyasiya səviyyəsinə uyğun olaraq həyata keçirilmiş bir addımdır.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının qərarına görə, Azərbaycanda uçot faiz dərəcəsi 3%-dən 5%-ə qaldırılıb.
Mənbə:> Oxu.Az