Mərkəzi Bankdan ŞOK QƏRAR
Xəbər verdiyimiz kimi, Mərkəzi Bank bu gün milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, qərarda bildirilir ki, valyuta bazarında vəziyyətin stabilləşməsi, banklar tərəfindən milli valyuta ilə depozitlərə görə daha cəlbedici faizlərin təklif olunması, eləcə də dövlət tərəfindən milli valyutada olan istiqrazların xarici valyutada istiqrazlarla müqayisədə daha yüksək gəlirliklə yerləşdirilməsi milli valyutanın yığım vasitəsi kimi daha geniş istifadəsinə müsbət təsir göstərməkdədir. Sözügedən qərar da başlıca makroiqtisadi göstəricilərin proqnozuna və orta müddətli dövrdə dayanıqlı qiymət sabitliyinə nail olunması məqsədinə əsaslanmaqla qəbul edilib.
“Qafqazinfo” iqtisadçı ekspert Natiq Cəfərlidən Mərkəzi Bankın uçot dərəcəsini və likvidlik əməliyyatları üzrə faiz dəhlizini artırması barədə qərarına münasibət öyrənib.
N. Cəfərli qeyd edib ki, uçot dərəcəsinin artması kredit faizlərinin artmasına səbəb olacaq: “Dünənə qədər bu dərəcə 3,25 faiz idi, indi 5 faizə qədər qaldırılıbsa, bu o deməkdir ki, kreditlərin faizləri də artacaq. Mərkəzi Bank necə olur ki, bunu manata olan inamın bərpası kimi təqdim edir, bunu başa düşmək mümkün deyil. Əgər uçot dərəcəsi aşağə salınsaydı, o zaman bu doğru olardı.
Eyni zamanda kredit dərəcələrinin artması inflyasiyanın artmasına, kreditlərin daha da bahalaşmasına səbəb olacaq.
Bundan əlavə, uçot dərəcəsinin artması banklarda olan problemi bir az da dərinləşdirəcək. Mərkəzi Bank banklara kömək etməkdənsə, uçot dərəcəsini artırır, banklarda olan vəziyyətin gərginləşməsinə səbəb olur”.
Ekspert vurğulayıb ki, likvidlik əməliyyatlarında faiz dəhlizinin artması nağd əməliyyatların bahalaşmasına gətirib çıxaracaq: “Bankların manat kütləsinə çıxışı bahalaşacaq. İndiki iqtisadi aktivliyin zəifliyi dövründə Mərkəzi Bank stimullaşdırıcı addımlar atmalıdır. Bu qərarlar isə manatın daha da zəifləməsinə səbəb olacaq.
Mərkəzi Bankın əsas funksiyalarından biri bankları manatla təmin etməkdir. MB nə qədər aşağı faizlərlə banklara manat satışı imkanları yaradarsa, manatın dövriyyəsi bir o qədər artır. İndi isə bankların manata çıxışını bahalaşdırır. Banklar bundan sonra daha çətinliklə manata çıxş əldə edəcəklər. Onsuz da kreditlərin verilməsi dayandırılıb. Dükanlar bağlanır, ticarət dövriyyəsi azalır. İndi MB tərəfindən sıx monetar siyasət aparılcaqsa, daha böyük problemlər olacaq”.
Ekspert Samir Əliyev də qərara münasibətini sosial şəbəkədə paylaşıb. O bildirib ki, milli valyutaların devalvasiyasından sonra inflyasiya təzyiqlərini azaltmaq üçün bir qayda olaraq Mərkəzi banklar uçot dərəcəsini qaldırır: “Bu baxımdan Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 3%-dən 5%-ə qaldırması gözlənilən idi. Əslində Mərkəzi Bankın bu qərarı bir qədər gecikib. Çünki MB-nin siyasəti pul kütləsini azaltmaq olub və inflyasiyaya qarşı belə mübarizə aparıb. MB-nin bu addımı inflyasiyanı cilovlamaqdır və manat aktivlərinin gəlirliyini artırmaqdır. Belə ehtimal etmək olar ki, bankları təmin etmək üçün MB yaxın dövrlədə manat kütləsini artırmaq niyyətindədir. Bu addım kreditləri bahalaşdıracaq və iqtisadi aktivliyi məhdudlaşdıracaq. Görünür, monetar siyasət iqtisadi aktivliyi artırmaqdan çox qiymətlərin artımının qarşısını almaq üzərində qurulub. Bunu manata güvənliyi artırmaq siyasətinin tərkibi hissəsi də adlandırmaq olar”.
Mənbə:> Qafqazinfo.az