Bu il Azərbaycanda neçə faizlik inflyasiya gözlənilir? – RƏY
Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun rəsmi saytında dərc edilən “Azərbaycan iqtisadiyyatının gələcəyi” adlı məqaləsində bu il ölkədə gözlənilən inflyasiya ilə bağlı proqnoz verib.
“Hazırkı şəraitdə hökumətin əsas vəzifəsi makroiqtisadi sabitliyi və inflyasiyanın normal dərəcəsini təmin etməkdir” - deyən Prezident vurğulayıb ki, 2015-ci ilin sonuna inflyasiya səviyyəsi 4%-dən az olub.
O, bildirib ki, 2016-cı ildə hökumət inflyasiyanı (inflyasiya mal və xidmətlərin keyfiyyətinin yüksəlməməsi halında qiymətlərin ümumi səviyyəsinin qalxmasıdır. Başqa sözlə desək, inflyasiya mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi prosesidir- red.) elə bu cür aşağı səviyyədə saxlamağa çalışacaq.
Oxu.Az bu məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib. Bu il Azərbaycanda neçə faizlik inflyasiya gözlənilir?
İqtisadçı-ekspert Oqtay Haqverdiyev Oxu.Az-a açıqlamasında qeyd edib ki, bu il ölkədə ikirəqəmli (birrəqəmli inflyasiya 10%-dək olan, ikirəqəmli inflyasiya 10% və daha çox – red.) inflyasiyanın olacağını gözləmir:
“Düşünürəm ki, bu il Azərbaycanda inflyasiyanın səviyyəsi hökumətin proqnoz etdiyindən bir qədər çox ola bilər. Hesab edirəm ki, Azərbaycanda ikirəqəmli inflyasiya gözlənilmir. Amma 7-8% arasında inflyasiyanın olacağını proqnoz etmək olar”.
Öz növbəsində, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov qeyd edib ki, Azərbaycanda 2016-cı ildə ikirəqəmli inflyasiyanın olacağı gözlənilir:
“Ümumiyyətlə, nəzərə alsaq ki, son devalvasiyadan sonra, Azərbaycan hökuməti də inflyasiya səviyyəsinə yenidən baxır və inflyasiya səviyyəsinin yenidən proqnozlaşdırılması ilə bağlı işlər görür.
Çünki ikinci devalvasiya ölkəyə daxil olan məhsulların qiymətinin artmasına gətirib çıxardı və güman edilir ki, qiymət artımları mərhələli şəkildə, növbəti dövrlərdə də müşahidə edilə bilər.
Hələlik yerli istehsalın bərpa edilməsi zaman tələb edir. Zaman tələb etdiyi üçün də birmənalı şəkildə bu proses vaxt alacaq. Bütün bunları nəzərə alaraq, 2016-cı ildə inflyasiya səviyyəsinin ikirəqəmli olacağı gözlənilir”, - deyə CESD-in rəhbəri qeyd edib.
Mənbə:> Oxu.Az