İlham Əliyev Azərbaycan iqtisadiyyatının gələcəyi ilə bağlı məqalə yazdı
Dünyada davam edən dərin iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycan öz iqtisadiyyatını mənfi təsirlərindən qorumaq üçün bütün tədbirləri görür.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun rəsmi saytında "Azərbaycan iqtisadiyyatının gələcəyi" adlı məqaləsindəndir.
Ölkə başçısı son 10 il ərzində Azərbaycan iqtisadiyyatının 300% artdığını, qeyri-neft sənayesində 8,4%-lik artım müşahidə olunduğunu, yoxsulluq və işsizliyin səviyyəsinin isə kəskin azaldığının qeyd edib.
"Hazırkı şəraitdə hökumətin əsas vəzifəsi makroiqtisadi sabitliyi və inflyasiyanın normal dərəcəsini təmin etməkdir" - deyən Prezident vurğulayıb ki, 2015-ci ilin sonuna inflyasiya səviyyəsi 4%-dən az olub. O bildirib ki, 2016-cı ildə hökumət inflyasiyanı elə bu cür aşağı səviyyədə saxlamağa çalışacaq.
Enerji mövzusuna toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın təklif etdiyi təşəbbüs və layihələr regiondan kənarda həyata keçirilir və ölkələri, qitələri birləşdirir.
Onun sözlərinə görə, Azərbaycan Cənub qaz dəhlizinin dörd layihəsinin hər birində vacib səhmdarlardandır:
"Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsi nəticəsində bir sıra ölkələr alternativ mənbə kimi Azərbaycan qazına çıxış əldə edəcək. Başqa sözlə, Azərbaycan Avropanın qaz təhlükəsizliyinin təmin edilməsində çox mühüm və etibarlı tərəfdaşa çevrilir".
Məqalədə Prezident, həmçinin bildirib ki, nəqliyyat infrastrukturunun inkişafı da ölkə üçün prioritet hesab olunur. Bu baxımdan, o, İpək Yolu layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, Azərbaycanda hava limanları və beynəlxalq dəniz limanının tikintisini qeyd edib.
Bundan başqa, Prezident Azərbaycanda elektron xidmətlərin inkişafından danışaraq ölkədə doqquz "ASAN" xidmət mərkəzinin açıldığını xatırladıb.
Prezident İlham Əliyev Azərbaycanın turizmin inkişafına da böyük diqqət ayırdığını vurğulayıb: "Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır və ölkə əhalisi bununla fəxr edir".
Mənbə:> AzərTAc