Azərbaycanda iribuynuzlu mal-qaranın sayını 4 dəfə azaltmaq təklif olunur
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov ölkədə iribuynuzlu mal-qaranın sayını 4 dəfə azaltmağı təklif edir.
Oxu.Az xəbər verir ki, nazri bu barədə Tovuz rayon Mədəniyyət Evində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar və ziyalılarla görüşdə deyib.
Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması ilə bağlı məsələlərə də toxunan Heydər Əsədov bildirib ki, buna nail olmadan yüksək məhsuldarlıq əldə etmək mümkün deyil. Nazir fikrini statistik göstəricilərlə əsaslandırıb:
“Hazırda ölkədə 2 milyon 200 min iribuynuzlu mal-qara var. Bu heyvanların əksəriyyəti həm az məhsul verir, həm də örüş-otlaqlarda torpaqları deqradasiyaya uğradır. Halbuki, cins tərkibini yaxşılaşdırmaqla mal-qaranın ümumi sayını 400-500 min başadək azaltmaq mümkündür. Eyni zamanda, heyvanları qapalı şəraitdə bəsləməklə örüş-otlaq sahələrini yem, yaxud əkin dövriyyəsinə cəlb etmək olar”.
Ölkədə iqtisadi fəallığın yüksəldilməsi, yeni iş yerlərinin açılması, aqrar sektorun inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalı, sahibkarlar və fermerlər üçün əlverişli biznes mühitinin yaradılması və digər prioritet məsələlərin həlli istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən kompleks tədbirlərdən danışan Heydər Əsədov diqqətə çatdırılıb ki, bu ildən etibarən sahibkarlar tərəfindən alınan bütün növ texnikalara 40 faiz güzəşt tətbiq olunacaq.
Bu məqsədlə dövlət tərəfindən 51 milyon manat vəsait ayrılıb. Eyni zamanda, əkinçilikdə məhsuldarlığın yüksəldilməsi üçün bütün növ gübrələr 70 faiz güzəştlə satılacaq. Gübrəyə artan tələbat nəzərə alaraq, 45 milyon tondan çox ehtiyat yaradılıb.
Mənbə:> Oxu.Az