Gürcüstan “Şahdəniz” yatağından qaz tədarükünü artırmağa ümid edir
Gürcüstan hakimiyyəti Cənubi Qafqaz qaz kəməri vasitəsilə Azərbaycandan təbii qaz tədarükü əldə etməyə ümid edir.
Oxu.Az “sputnik-georgia.ru”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın energetika naziri Kaxaber Kaladze bildirib.
K.Kaladzenin sözlərinə görə, Gürcüstana bu gün təxminən 11 milyon kubmetr qaz daxil olur. Onun 6 milyon kubmetri Qazax boru kəməri ilə SOCAR-dan, 2,9 milyon kubmetri “Şahdəniz” yatağından alırıq, qalan 1,2-2 milyon kubmetr isə Rusyanın Ermənistana Gürcüstan ərazisindən ötürdüyü qaz üçün tranzit haqqı kimi ödədiyi qazdır.
“Gürcüstan hökuməti 2011-ci ildən bəri Cənubi Qafqaz Boru Kəməri Konsorsiumuna Gürcüstana əlavə qaz verilməsinə dair dəfələrlə müraciət edib. Lakin buna baxmayaraq, bizə yazılı şəkildə rədd cavabı verilib”, - Kaladze bildirib.
Danışıqlar müsbət nəticə versə, qazın Rusiyadan alınmasına lüzum qalmayacaq. K.Kaladze qeyd edib ki, bu gün danışıqlar Rusiyadan alınacaq 300-400 milyon kubmetr qazın həcmi ətrafında gedir.
“Biz nə ediriksə, ölkəmizin, onun sənayesinin inkişafı və xalqımızın rifahı üçün edirik. Buna görə də maksimum nəticə əldə etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bizim öz mövqeyimiz var. Düşünürəm ki, sonda müəyyən bir razılığa gələcəyik”,- deyə K.Kaladze qeyd edib.
Mənbə:> Oxu.Az