SOCAR işçilərini mənzillə təmin edəcək
SOCAR Bakının bəzi rayonlarında kooperativ binaların və şəhərciklərin tikintisini apara biləcək.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu gənc neftçilərlə görüşü zamanı SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
R.Abdullayev bildirib ki, artıq məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevin də razılığı alınıb:
"Mən şənbə günü ölkə prezidenti ilə danışarkən tikinti ilə bağlı icazə almışam ki, böyük tikinti işləri aparaq. Qaradağda, Pirallahıda, torpağımız olan yerlərdə böyük kooperativ tikintilər aparaq, şəhərciklər salaq. Şirkət bütün gəncləri evlə təmin etməyə çalışacaq. Bu proqrama gələn həftədən start veriləcək.
Artıq bir neçə idarələrə müvafiq tapşırıqlar verilib, hazırlıq işləri görülür. SOCAR-ın hər idarəsinin artıq imkan olacaq ki, gəlib özünə torpaq götürsün. Biz bütün mühəndis layihələrini verəcəyik və tikinti işləri gedəcək”.
SOCAR prezidenti bildirib ki, mənzillə təminat uzunmüddətli kredit sistemi ilə aparılacaq:
“Özünüz də sistem düzəldib, maaşınızdan müəyyən qədər pul ödəməklə bu kooperativ hərəkatına qoşula biləcəksiniz”.
Mənbə:> APA