SOCAR Gürcüstan qarşısında bütün öhdəliklərini yerinə yetirir
Biz gürcü hakimiyyəti qarşısında olan bütün öhdəliklərimizi yerinə yetiririk, bu barədə “Rustavi-2” telekanalına SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.
Oxu.Az “Qruziya Online”a istinadən xəbər verir ki, Abdullayev Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və hökumətin iqtisadi komandası ilə görüşlərinin yekunlarına dair çıxış edib və qeyd edib ki, danışıqlar yaxşı keçib.
“Qəbula görə gürcü hakimiyyətinə təşəkkür edirəm. “SOCAR Qruziya” layihəsi yaxşı işləyir. Biz gürcü hakimiyyəti qarşısında olan bütün öhdəliklərimizi yerinə yetiririk. Danışıqlara gəldikdə isə onlar bəzi texniki problemlərə aiddir. Energetika naziri ilə müştərək iş nəticəsində onları həll etməyə nail olacağıq”, - Rövnəq Abdullayev bəyan edib.
SOCAR prezidenti Gürcüstana dünən gəlib. Səfər çərçivəsində o, Gürcüstan hökumətinin üzvləri ilə danışıqlar aparıb.
Rövnəq Abdullayevin Gürcüstanı bu gün tərk edəcəyi ehtimal edilir.
Mənbə:> Oxu.Az