Rövnəq Abdullayev: Bu fikirlər tam əsassızdır » AzNews.info -Xəbər portalı

Rövnəq Abdullayev: Bu fikirlər tam əsassızdır

Rövnəq Abdullayev: Bu fikirlər tam əsassızdır


Gənclər Günü ərəfəsində SOCAR prezidenti Rövnəq Abdullayev Bakı Ali Neft Məktəbi tələbələrinin böyük bir qrupu ilə görüş keçirib.

Oxu.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, görüşün əvvəlində ali məktəbin dosenti, tələbələrin sevimlisi Xanım Cəfərovaya SOCAR-ın Fəxri fərmanı təqdim olunub və bu, tələbələr tərəfindən alqışlarla qarşılanıb. R.Abdullayev tələbələrin müəllimlərini böyük coşqu ilə alqışlamasına sevindiyini bildirib, mühəndislər üçün riyaziyyat fənninin böyük əhəmiyyətindən söz açıb, özünün də vaxtilə ona dərs demiş riyaziyyat müəllimləri ilə əlaqəsini davam etdirdiyini söyləyib.

X.Cəfərova əməyinə verilən qiymətə görə SOCAR rəhbərliyinə dərin minnətdarlığını bildirib, BANM-də işləməyindən qürur hissi keçirdiyini vurğulayıb.

Səmimi ab-havada, qalstuksuz, “üz-üzə, göz-gözə görüş” formatında keçirilmiş tədbirdə SOCAR prezidenti tələbələri qarşıdan gələn Gənclər Günü münasibətilə təbrik edib, gənclərə onları maraqlandıran bütün suallarla müraciət etmək imkanı yaradıb, verilmiş sualların hamısını ətraflı cavablandırıb. Tələbələr SOCAR-ın və BANM-in fəaliyyəti, inkişaf perspektivləri, dünya neft sənayesində baş verən proseslərlə bağlı SOCAR prezidentinin mövqeyi ilə tanış olublar.

Görüşün gedişindən və yaradılan səmimiyyətdən ruhlanan gənclər hətta SOCAR əleyhinə sosial şəbəkələrdə aparılan qərəzli antireklam kampaniyasının əsas mövzularını təşkil edən məsələlərə də aydınlıq gətirilməsini xahiş ediblər. SOCAR prezidenti R.Abdullayev dekabrın 4-də dənizdə təbii fəlakət zamanı Neft Daşlarında və “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəzalar nəticəsində itkin düşən neftçilərin axtarışı istiqamətində aparılan tədbirlərə, həmin faciədə həlak olanların və itkin düşənlərin ailələrinə maddi və mənəvi yardımların göstərilməsinə, Gürcüstandakı dini məbədlərə SOCAR-ın hesabına qaz verilməsi ətrafında süni surətdə yaradılmış qalmaqala və sosial şəbəkələrdə aktual olan bir sıra başqa məsələlərə münasibətini bildirib.

Azərbaycanda qazlaşdırma səviyyəsinin guya aşağı olmasına dair fikirlərə toxunan R.Abdullayev deyib:

“Bu fikirlər kökündən yanlışdır və tam əsassızdır. Diqqət yetirin, Azərbaycanın həm şimal, həm də cənub qonşuları dünyanın güclü qaz dövlətləridir. Buna baxmayaraq, bizdə qazlaşdırmanın səviyyəsi bu ölkələrin hər ikisindən xeyli yüksəkdir. Dövlətimizin başçısı bizim qarşımızda məsələ qoyub ki, ən əvvəl ölkə daxilində əhalinin qaz təminatını yüksəldək. Hazırda Azərbaycanda qazlaşdırmanın səviyyəsi 90% təşkil edir. Avropaya qaz ixrac etməyə başlayanda biz bu səviyyəni daha da yüksəldəcəyik”.

Görüşdə BANM-in tələbələri SOCAR prezidentinə uğurlu karyerasının sirləri, həyatda uğur qazanma yolları haqqında da çoxsaylı suallar verib, onun fəaliyyətinin müxtəlif tərəfləri ilə maraqlanıblar. R.Abdullayev dövlətimizin gənclər siyasətindən, Azərbaycanda, o cümlədən SOCAR-da gənclərin karyera yüksəlişi üçün yaradılmış imkanlardan ətraflı bəhs edib, fikirlərini öz həyat və fəaliyyət yolundan gətirdiyi misallarla əsaslandırıb. SOCAR prezidenti tələbələrlə canlı dialoq şəklində qurulmuş görüşün əhəmiyyətini vurğulayıb, belə tədbirlərin bundan sonra da mütəmadi olaraq keçiriləcəyini söyləyib.

Görüşün sonunda tələbələr SOCAR prezidenti ilə selfi çəkdiriblər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *