Manat dollar və avroya qarşı möhkəmlənib
Bu gün yanvarın 12-si ilə müqayisədə Azərbaycanda manatın 1 ABŞ dollarına nisbətən məzənnəsi möhkəmlənib.
Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 13-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 12-si ilə müqayisədə 0,0003 manat və ya 0,02% azalaraq 1,5682 manat olub.
Xatırladaq ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla yanvarın 12-də manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 13 yanvar 2016-cı il tarixi üçün 1,5682 manat səviyyəsində müəyyənləşdirilib. Əlavə edək ki, AMB-nin İdarə Heyətinin ötən ilin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra manat ilk dəfə olaraq dollara qarşı möhkəmlənib. Ötən ilin dekabrın 21-də USD/AZN məzənnəsi 1,55 olub və bundan sonra hər gün dollar möhkəmlənib.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,52% və ya 0,0089 manat azalaraq 1,6980 manata düşüb.
Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 0,98% azalaraq 0,0203 manat səviyyəsində qərarlaşıb.
Mənbə:> Banco/az