Ekspert: "Manatın məzənnəsi Avrodan asılı olacaq"
"Mərkəzi Bankın bugünki rəsmi məzənnələrinə əsasən, 1 dollar almaq üçün 1.0493, 1 avro üçün isə 1.1529 manat ödəmək lazımdır. Bu isə o deməkdir ki, milli valyutamız dollara nisbətən ucuzlaşıb, avro ilə müqayisədə bahalaşıb". Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, avro və dollar manat qarşısında eyni zamanda dəyər itirir və ya dəyər qazanır. Manatın növbəti mərhələdə məzənnəsi Avropa pulunun durumundan asılı olacaq: "Manatın son günlərdəki rəsmi məzənnəsi göstərir ki, Mərkəzi Bank valyuta səbətində avronun payını artırıb. Praktik olaraq, dollar avroya nisbətən möhkəmlənən zaman manata nisbətən də güclənir. Və ya əksinə: dollar ilə müqayisədə dəyər itirən avro manat qarşısında da zəifləyir. Deməli, bu artıq Mərkəzi Bankın çevik valyuta siyasətinə keçərək valyuta səbətində milli valyutamızın gələcək məzənnəsinə təsir edəcək dəyişiklik etdiyindən xəbər verir. Əslində, bu artıq manatın avronun məzənnəsində tədricən asılılığın yaranması anlamına da gəlir. Belə ki, dolların avroya nisbətən möhkəmlənməsi heç də ABŞ pulunun bütün digər valyutalara nisbətən də güclənməsi anlamına gəlmir. Məsələn, son 1 gündə avroya nisbətən güclənən dollar İngiltərə funt-sterlinqinə və eləcə də Kanada dollarına nisbətən mövqelərini qoruyub saxlaya bilməyib. Bu isə o deməkdir ki, manatın növbəti mərhələdə məzənnəsi həmçinin Avropa pulunun durumundan asılı olacaq. Əgər, avrozonada milli valyuta möhkəmlənəcəksə o zaman manat da dollara nisbətən dəyər qazanacaq. Avronun dollara nisbətən zəifləməsi isə manatın da yumşalmasına səbəb olacaq".
Mənbə:> SİA.az