Neft qiymətinin düşməsinin Azərbaycana iki xeyiri
Neftin qiymətinin düşməsinin Azərbaycana iqtisadi ziyanları ilə bərabər, 2 xeyirli təsiri də var və bunu dəyərləndirməyin tərəfdarıyam.
Bu barədə Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev bildirib. Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycana mühüm təsirlərindən danışan politoloq maraqlı fikirlər səsləndirib:
“Birincisi, neftin ucuzlaşması qeyri-neft sektorunun daha sürətlə inkişafına təkan verəcək və neft asılılığımız minimuma düşəcək. Ehtimal ki, bunun üçün biznesin qurulmasında şərtlər daha da sadələşdiriləcək, əmək bazarında işəgötürənlərin öhdəlikləri azaldılacaq, xarici investorların ölkəyə gəlmələri üçün onlara əlavə imtiyazlar veriləcək. Azərbaycanda inkişafa açıq olan sektorlar bunlardır: yüngül, paltar və qida sənayesi, turizm, kənd təsərrüfatı, balıqçılıq, təhsil (xarici tələbələrin gəlməsi baxımından)”.
Politoloqun sözlərinə görə, ikinci mühüm təsir - neft gəlirlərinin azalması nəticəsində Rusiyanın ciddi şəkildə zəifləməsi olacaq:
“Bu, Rusiyada sosial narazılıqlara səbəb olacaq, müxtəlif regionlarda etiraz hərəkatları da başlaya, hətta xalq ayaqlana bilər. Belə bir vəziyyətdə Qarabağı azad etmək üçün hərbi imkanlar əldə edəcəyik. Təbii ki, buna hər cəhətdən hazırlaşmaq lazımdır, o cümlədən region dövlətlər - Türkiyə, xüsusilə İranla məsləhətləşmələrə ehtiyac olacaq”.
Mənbə:> Axar.az