Porsche yeni rekorda imza atdı
Tarixdə ilk dəfə olaraq Porsche şirkəti tərəfindən müştərilərə çatdırılmış avtomobillərin sayı 200 000 ədədi ötüb
2015-ci ilin yanvar-noyabr aylarında Dr. Ing. h.c. F. Porsche AG şirkəti öz müştərilərinə 209 894 ədəd avtomobil çatdırmışdır.
Bununla da, 2014-ci ilin analoji dövrü ilə müqayisədə artım 24% təşkil edib. Tarixdə ilk dəfə olaraq, şirkət illik 200 000 ədəd satış səviyyəsini addayıb. Əvvəlki satış rekordu ötən ilə təsadüf etmişdir – o zaman Ştutqartdakı idman ruhlu avtomobil istehsalçısı 189 849 ədəd avtomobil satmağa müvəffəq olmuşdur.
“Bu il, müştərilərimizə 200 mindən artıq Porsche avtomobillərini təqdim etməklə, biz Strategiya-2018 planımızın həyata keçirilməsi istiqamətində vaxtından əvvəl çox mühüm addım ata bildik”, - şirkətin əməkdaşlarına xüsusi təşəkkürünü bildirərək, satış və marketinq məsələləri üzrə idarə heyətinin üzvü Detlev von Platen vurğulayıb.
“Bu uğur bütün dunya üzrə olan həmkarlarımızın birgə səyləri nəticəsində mümkün olmuşdur. Bizim məhsulların perspektivliliyi, əməkdaşlarımızın motivasiyası və dünya üzrə olan partnyorlarımızın səmərəliliyi gələcəyimizin parlaq perspektivlərinin təməlidir”.
Noyabr ayında Porsche şirkəti öz müştərilərinə 18 110 yeni avtomobil çatdırmışdır. Əsas artım lokomotivi yenidən Porsche Cayenne oldu: 2015-ci ilin noyabr ayı ərzində 6 579 ədəd avtomobil satılması nəticəsində, keçən ilin müvafiq ayı ilə müqayisədə 39% artım əldə olunub. Cayenne həmçinin 2015-ci ilin yanvar-noyabr ayları ərzində 68 029 ədəd satılaraq Porsche-nin ən məşhur modeli oldu (14% artım).
2015 ci ilin yanvar-noyabr dövründə ən güclü bazar Çin oldu: orada Porsche şirkəti 54 302 ədəd avtomobil satmışdır ki, bu da keçən il ilə müqayisədə 34% artım deməkdir. İkinci yerdə ABŞ bazarı qərarlaşıb: burada 47 819 ədəd avtomobil satılıb (9% artım). Ümumilikdə Avropa bazarı isə 30% artım nümayiş etdirib: müştərilərə 70 509 ədəd avtomobil çatdırılmışdır.
Mənbə:> Oxu.Az