Barrel 40-a endi, əsl böhran indi başlayır...
Dünya birjalarında neftin qiyməti bu günkü hərraclarda daha da aşağı düşərək Azərbaycan və bir çox hasilatçı ölkələr üçün kritik səviyyəyə-40 dollara yaxınlaşıb.
Virtualaz.org saytı xəbər verir ki, onlarla Azərbaycan neftçisinin Xəzərin təlatümlü dalğalarında uğrunda həyatını qurban verdiyi, ölkənin ixracının az qala hamısını təşkil edən neftin qiymətində növbəti kəskin ucuzlaşma dalğası ötən həftə OPEC-in qəbul etdiyi qərarın təsiri ilə başlayıb.
Neft ixrac edən ölkələrin karteli qiymətlərin aşağı düşməsini dayandırmaq yollarını müzakirə etmək üçün ötən həftə çoxdan gözlənilən toplantısını keçirib.
Ancaq gözlənildiyi kimi, müzakirələr nəticəsində hasilatın azaldılmasına dair qərar qəbul etmək mümkün olmayıb. Əslində analitiklər OPEC-in bu toplantısını kartelin bütün mənalarda iflası kimi dəyərləndirir.
Artıq bu təşkilatda heç kimin sözü digəri ilə üst-üstə düşmür və kartel yekdil qərar vermək, bazara təsir etmək imkanlarını itirib. İndi “güclü olan yaşayacaq” prinsipi qüvvədədir və artıq OPEC-in neftin qiymətləri ilə manipulyasiya etdiyi dövrlər arxada qalıb.
Həm OPEC-in toplantısında hasilatın azaldılmasına dair qərarın qəbul edilmədiyi, həm bazarda təklifin tələbi xeyli üstələdiyi və neft anbarlarının dolub-daşdığı, treyderlərin əllərindəki nefti açıq dənizlərdə kirayələdikləri tankerlərdə saxlamağa məcbur olduqları bir vaxtda bu vəziyyət bazara öz neqativ təsirini göstərib.
Bu həftənin ilk hərraclarında London birjasında “Brent” markalı neft son 6 ildə ən aşağı qiymətə satılıb.
Gün ərzində qiymət 40 dollara qədər enib, sonra bir qədər artıb və axşama doğru “Brent” 41 dollardan aşağı qiymətə qərarlaşıb. Ucuzlaşma tendensiyasının növbəti hərraclarda da davam edəcəyi gözlənilirdi.
Azərbaycanın “Azəri Light” markalı nefti hazırda “Brent” markalı neftdən cəmi 70-80 sent baha satılır. Hansı ki, əvvəllər bu fərq 2-2,5 dollar təşkil edirdi. Ancaq Səudiyyə Ərəbistanının Avropa bazarlarını ucuz neftlə doldurmağa başlamasından sonra Azərbaycan neftinin qiyməti ilə “Brent” markalı neftin qiyməti arasında fərq də azalmağa başlayıb.
Neftin qiymətinə dair proqnoz vermək həmişə çətin olub və belə proqnozların doğrulması ehtimalı bir qayda olaraq aşağı olur. Dünyanın aparıcı maliyyə institutlarının və konsaltinq şirkətlərinin, ekspert mərkəzlərinin verdiyi 20 proqnozdan ancaq biri - “Goldman Sach”ın proqnozu hazırda özünü doğrultmaqdadır.
Bu Amerika bankı qiymətin 40 dolların altına enəcəyini, hətta 30 dollara qədər düşəcəyini proqnozlaşdırmışdı. Hazırda proseslər bu bədbin ssenari üzrə inkişaf etməkdədir.
Başqa sözlə, neftin qiyməti Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsində göstərilmiş proqnoz qiymətindən - 50 dollardan hazırda az qala 10 dollar aşağıdır. Bu isə Azərbaycan da daxil olmaqla ixracının əsas hissəsini neft təşkil edən ölkələr uşun əsl böhranın hələ indi başladığı deməkdir.
Doğrudur, Maliyyə Nazirliyi bildirib ki, hökumət gələn ilin büdcəsini tərtib edərkən neftin qiymətinin 40 dollara enə biləcəyini də nəzərə alıb və bu variant üzrə də ehtiyat plan hazırlayıb. Bu, ən pessimist variant kimi nəzərdə tutulmuşdu. İndi isə belə çıxır ki, hökumət heç 2016-cı ilin başlamasını gözləmədən ən pessimist variant üzrə hesablamalarını aparmağa məcbur olacaq.
Barrelin qiymətinin 40 dollara enməsi gələn il üçün hazırlanan “böhran büdcəsi” üzrə xərcləri daha da məhdudlaşdırmağı tələb edəcək.
Digər tərəfdən, bu qiymət hasilatçı şirkət - SOCAR üçün də cari xərclərin ödənilməsində ciddi problem yarada bilər. Şirkətin bəzi uzunmüddətli investisiya planlarını təxirə salacağı da istisna deyil. Bu isə iş yerlərinin itirilməsi deməkdir.
Başqa sözlə, 40 dollar kritik həddir və ondan aşağısı daha betər iqtisadi böhranın başlaması deməkdir.
Neftin qiymətinin kritik həddə qədər enməsi Azərbaycan Mərkəzi Bankını manatın indiki kursunu sabit saxlamasını daha da çətinləşdirəcək. Amerika Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini artırmağa hazırlaşdığı bir vaxtda bu, manatın kursuna təzyiqləri xeyli gücləndirir.
Bu günlərdə “Bank of America” bildirdi ki, Azərbaycan Mərkəzi Bankı manatı valyuta ehtiyatlarını xərcləmək hesabına sabit saxlamaq siyasətindən əl çəkməlidir. Bank hesab edirdi ki, Azərbaycan Rusiya və Qazaxıstanın təcrübəsi ilə hərəkət edib sərbəst üzən məzənnə siyasətinə keçməlidir.
Mərkəzi Bank bu siyasətin riskli olduğunu nəzərə alaraq mümkün qədər manatı indiki səviyyədə sabit saxlamağa çalışırdı. Lakin barelin 40 dollara endiyi bir vaxtda hamı başa düşməlidir ki, artıq heç nə əvvəlki kimi qala bilməz.
Hamı yeni situasiyada - sonu görünməyən iqtisadi böhran şəraitində yaşamağa, qənaət etməyə, bir çox komfortdan imtina etməyə məcburdur. Bu, həm hökumətə, həm də əhaliyə aiddir.
Eləcə də Mərkəzi Bank bütün ehtiyatlarını xərcləmək bahasına olsa da manatı sabit saxlamaq siyasətinə yenidən nəzər salmalı olacaq.
40 dollar həm də o deməkdir ki, Azərbaycan, prezident İlham Əliyevin bildirdiyi kimi, nefti doğrudan da unutmalıdır. “Nefti unutmaq” neftdən asılı olmayan iqtisadiyyata keçid deməkdir və tamamilə aydındır ki, belə keçid dövrü gözlənildiyindən də ağır ola bilər. Çünki ölkə indiyədək aşıb-daşan neft dollarlarında xumarlanırdı və heç kim neftsiz dövrə adaptasiya barədə fikirləşmək istəmirdi.
Prezident korrupsionerlərə və dövlət vəsaitlərini talayanlara, mütəşəkkil cinayətkar qruplaşma yaradıb biznesi təhdid altında saxlayanlara qarşı müharibə elan etməklə bu sərt keçid dövrünü artıq başladıb. Bunun ardınca iqtisadiyyatda inhisarçı sistemin dağıdılması və sərt bazar rəqabətinə əsaslanan iqtisadi modelə keçid gələ bilər.
40 dollar kritik həddir, ancaq dünyanın sonu deyil. Bir halda ki neft tükənməz sərvət deyil və cəmi bir ildə az qala 3 dəfə dəyərdən düşə bilir, o zaman yaxşı olmazdımı ki, hamı indidən neftsiz günlərə alışsın?
Mənbə:> Virtualaz.org