Tikinti canlanarsa, iqtisadiyyatda aktivlik bərpa olunacaq... » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Tikinti canlanarsa, iqtisadiyyatda aktivlik bərpa olunacaq... – RƏY

Tikinti canlanarsa, iqtisadiyyatda aktivlik bərpa olunacaq...


Ölkədə iqtisadi aktivliyin hansı vəziyyətdə olduğunu ilk baxışda müəyyən etmək üçün bilavasitə tikinti sektoruna – burada istehsaldan başlamış, satışa qədər bütün sferalardakı mövcud vəziyyətə diqqət yetirmək kifayətdir.

Başlayaq istehsaldan: Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, cari ilin yanvar-oktyabr ayları ərzində ölkədə 366,9 milyon manatlıq tikinti materialı istehsal olunub ki, buraya konkret olaraq, 814,2 min ton hazır beton, 19,5 min kubmetr beton konstruksiya, 229,9 min kubmetr kərpic, habelə 2 milyon 275,5 min ton sement, 160,4 min ton gips, 359,9 min ton asfalt, 10 min 497,8 ton mərmər, travertin, alebastr daxildir.

Sözümüz bunda deyil.

Məsələ ondadır ki, əksər tikinti materialları istehsalı - beton 41,5, beton konstruksiya 34,8, kərpic 4 %, o cümlədən digərləri də əvvəlki illərlə müqayisədə xeyli az istehsal olunub. Bunun müqabilində satışda isə qanunauyğunluğa görə, bu və ya digər məhsul növlərinin istehsalı azaldığı təqdirdə avtomatik olaraq təklif də endiyindən qiymətlər yüksəlməli olduğu halda, real olaraq əks mənzərə müşahidə olunmaqdadır.

Belə ki, ilin əvvəlində hökumətin məlum devalvasiya tədbirindən sonra qiymət yüksəlişi qeydə alındısa da, son aylar ucuzlaşma nəzərə çarpır. Təkcə, daşınmaz əmlak bazarı üzrə yaranmış vəziyyətə diqqət yetirsək kifayətdir.

Bəs, istehsalın azalmasına səbəb nədir?

Tikinti sektorunda bu gün müşahidə olunan mənfi tendensiya nə qədər davam edə bilər? Bu, ölkədə işsizlərin sayının artmasına təsir göstərə bilərmi?

DSK-ni rəqəmlərinə əsasən tikinti materialları istehsalının azalması, onlara olan tələbatın bilavasitə enməsiylə əlaqədardır ki, bu sahədə bazarda alıcı qüvvəsinin aktivliyi xeyli zəifləmişdir. Qeyd olunan tendensiya isə bu gün əslində, iqtisadiyyatın bütün sahələrinə aiddir. Tikinti materialları satışı da bazarın mühüm seqmentlərindən birini təşkil etdiyindən bu, özünü sözsüz ki, sözügedən sferada da göstərməlidir.

Ümumiyyətlə, bir cəhəti vurğulamaq gərəkdir ki, iqtisadiyyatda böhran yaranmağa başladığı təqdirdə bu, özünü birinci növbədə həmişə tikinti sektorunda göstərir.

Əksinə, iqtisadi aktivlik yüksək olduqda isə tikinti genişlənir, yeni obyektlərin sayı gedikcə daha çox müşahidə edilməyə başlayır. Ona görə də təsadüfi deyil ki, hökumətlər iqtisadiyyatı böhrandan çıxartmaq məqsədilə əksər hallarda məhz tikintini stimullaşdırmağa çalışırlar.

Bu mənada, Azərbaycanda da neft gəlirlərinin azalması müqabilində hökumət iqtisadiyyatda aktivliyi bərpa etmək üçün tikintiyə diqqət yetirməyə məcbur sayılır.

Bu vəziyyətin nə qədər davam edəcəyinə gəldikdə isə, qeyd etdiyimiz kimi istehsalda heç bir problem olmadığı üçün ilk növbədə satış canlandırılmalıdır. Çünki qiymətlərin ucuzlaşmasının müəyyən bir həddi var. Bu tendensiya isə artıq, kifayət qədər özünü göstərdiyindən, üstəlik, Azərbaycanda bu və ya digər sahələrdə heç vaxt kəskin ucuzlaşma müşahidə edilmədiyindən tikintidə də 15-20%-dən yüksək qiymət enişinin olacağını gözləmək əbəsdir.

Çünki buna mane olan səbəblər var. Hansı ki, bu, ayrı söhbətin mövzusudur.

Odur ki, istehsalın azalması prosesi uzun müddət davam edərsə, bu, təbii ki, işsizliyin artmasına da təsir göstərəcək. Lakin müşahidə deməyə əsas verir ki, tendensiya hökumətin diqqət mərkəsindədir və dövlət də hazırda iqtisadiyyatda ölkədən kənar proseslərlə əlaqədar olaraq təşəkkül tapmış və sürətlə genişlənməyə meyilli olan bu durğunluğa qarşı ciddi mübarizə aparmaq üçün müvafiq tədbirlər görmək niyyətindədir və bunda tam qətiyyətlidir.

Misal olaraq, ipoteka kreditləşdirilməsi istiqamətində son vaxtlar atılan əməlli addımları qeyd etmək yerinə düşər. Belə ki, ipoteka sahəsində Prezindentin 27 oktyabr tarixdə imzaladığı “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqda Fərman olduqca əhəmiyyətlidir.

Həmçinin, kreditləşdirməyə əlavə olaraq 200 milyon manat da ayrılacaq ki, bütün bu işlər əgər, keyfiyyətlə həyata keçirilərsə, ölkədə tikinti sektoru yenidən canlanacaq.

Xatırladaq ki, ilin ilk yarısı ərzində hökumətin ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair Dövlət başçısının rəhbərliyi altında keçirilən iclasında mövcud iqtisadi və maliyyə çətinliklərə, habelə neftin qiymətiylə əlaqədar gəlirlərin azalmasına baxmayaraq, büdcədən ipoteka kreditləşdirilməsinə 200 milyon manat ayırmaq haqda məsələ qaldırıldı.

Bu isə az vəsait deyil.

Düzdür, onun necə paylanacağı və hansı şərtlərlə bölüşdürüləcəyi hələ məlum deyil. Ancaq hazırda müvafiq hökumət strukturları tərəfindən təkliflər hazırlandığı və faizlərin aşağı salınacağı, maksimal məbləğin isə artırılacağı gözlənildiyindən, bunlar olduqca təsirli xarakter daşıyacaqdır.

Belə ki, ölkə Prezidentinin göstərişinə əsasən 200 milyon manat ayrıldıqdan sonra həm sosial, həm də adi (kommersiya) ipoteka kreditləri məbləğinin 2 dəfə artırılaraq 100 milyon manata çatdırılacağı, faiz dərəcələrinin isə adi ipotekada 8-dən 6 %-ə, sosial ipotekada isə 4-dən 2%-ə qədər endiriləcəyi deyilir.

Ümumiyyətlə, əvvəlki şərhlərimizdə də qeyd etdiyimiz kimi ipoteka tikinti sektorunun inkişafına xidmət etməli və bunun vasitəsilə dövlət daşınmaz əmlak bazarına nəzarət etməli olduğundan hökumətin bu tədbirləri öz effektiv nəticələrini bizcə, istər-istəməz göstərəcək.

Tikinti isə canlanarsa, iqtisadiyyatda aktivlik də tezliklə bərpa olunacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *