Azərbaycan nəqliyyat sahəsində əvəzolunmaz rola malik olacaqdır
Biz indi tərəfdaş ölkələrlə çox önəmli layihələr üzərində işləyirik, bir neçə ildir ki, işləyirik. Azərbaycanı nəinki regionda, dünya miqyasında nəqliyyat mərkəzinə çevirmək üçün biz konkret addımlar atmışıq.
Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycanın beşinci çağırış Milli Məclisinin ilk iclasında çıxışı zamanı bildirib.
Prezident qeyd edib ki, bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri reallaşır:
“Azərbaycan hər iki layihədə çox ciddi rol oynayır. Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üçün ölkəmiz yüz milyonlarla dollar vəsait sərf edibdir. Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması üçün yenə də biz maliyyə vəsaitimizi səfərbər etmişik və tərəfdaş ölkələrlə bu layihə üzərində indi çox ciddi işləyirik. Bu layihələr başa çatandan sonra ölkəmizə böyük həcmdə vəsait gətirəcəkdir.
Eyni zamanda, Azərbaycan nəqliyyat sahəsində əvəzolunmaz rola malik olacaqdır. Coğrafi vəziyyətimiz bizə bu imkanları yaradır. Ancaq biz bu coğrafi vəziyyətə infrastruktur layihələrini əlavə edirik, böyük vəsait qoyulur. Nəqliyyat infrastrukturu Azərbaycanda bu gün ən çox sərmayə alan sahədir və bu, ölkəmiz üçün çox lazımdır, biz bunu etməliyik”.
Mənbə:> Oxu.Az