İlham Əliyev: Nəqliyyat sektoru gələcək inkişafımız üçün mühüm əhəmiyyət kəsb edir
Nəqliyyat sektoru gələcək inkişafımız üçün çox mühüm əhəmiyyət kəsb edir. Həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçməlidir. Bu gün Azərbaycan ərazisindən yük daşımaları aparılır, ancaq bəzi hallarda yüklərin həcmi azalır. Bunun obyektiv səbəbləri var. İndi biz onu da qeyd etməliyik.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Prezidentin sözlərinə görə, indi dünyada böhran yaşanır, həm Asiyada, həm Avropada, ümumiyyətlə, iqtisadi fəallıq böyük dərəcədə aşağı düşüb.
"Asiya, Avropa bizim ərazimiz vasitəsilə ticarət aparır. Ona görə, obyektiv səbəblər də, subyektiv səbəblər də var.
Biz son illərdə çalışmışıq ki, Azərbaycanda nəqliyyat, logistika mərkəzini yaradaq və buna böyük dərəcədə nail ola bilmişik. Yeni gəmilər, bərələr, tankerlər, yük gəmiləri, yeni yük təyyarələri alınmışdır. Azərbaycanda bir neçə beynəlxalq aeroport tikilmişdir. Dəmir yolunun inkişafı ilə bağlı tədbirlər görülür. Bizi qonşu ölkələrlə bağlayan avtomobil yolları tikilmişdir. Əfsuslar olsun ki, hələ bu layihələr tam başa çatmayıb.
Ancaq onların böyük hissəsi görülübdür. Əlbəttə yeni Beynəlxalq Dəniz Ticarəti Limanı tikilir. Bu da Xəzər hövzəsində ən böyük ticarət limanı olacaq. Yəni, bu, dövlət vəsaiti hesabına görülən işlərdir. Burada heç bir özəl vəsait qoyulmayıb. İndi, bəzi hallarda kreditlər verilib. Amma bu kreditləri də dövlət ödəyir. Dövlət öz siyasətini göstərib.
Ancaq bununla bərabər, burada koordinasiya işləri aparılmalıdır. Ona görə ki, Şimal-Cənub dəhlizi bizə çox böyük iqtisadi mənfəət gətirəcək. Azərbaycandan keçən bu yol milyonlarla əlavə yükün bizim ərazimizdən daşınması deməkdir. Bu da həm siyasi, həm iqtisadi gəlirlər gətirəcək.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, əfsuslar olsun ki, hələ başa çatmayıb. Halbuki bu layihənin başlamasından səkkiz il keçir. 2007-ci ildə biz üç ölkə bu layihəyə start verdik. Qeyd etdiyim kimi, Azərbaycanın məsuliyyəti çərçivəsində olan məsələlər öz həllini tapdı. İndi Türkiyə ərazisində qalan işlər də görüləcəkdir. Biz bu yolu tezliklə işə salmalıyıq.
Çünki indi həm ölkələr, həm şirkətlər arasında yüklər uğrunda mübarizə, rəqabət gedir. Amma biz burada oturmuşuq, nəyisə gözləyirik. Gözləyirik ki, kimsə gəlib bizdən xahiş edəcək.
Xahiş edəndə də elə şərtlər qoyulur ki, o xahiş edən üz döndərib gedir. Bu, dözülməz haldır. Bu məsələ ciddi təhlil edilməlidir və burada vahid tarif siyasəti aparılmalıdır. Çünki bizdə Xəzər Gəmiçiliyinin, Dəmir Yolunun, limanın hərəsinin öz korporativ maraqları var.
Amma bunlar ölkənin maraqları ilə uzlaşır? Yox, uzlaşmır! Dövlətin maraqları bu dəhlizi elə etməkdir ki, daha yükü göndərənin başı ağrımasın, daha 10, 20 ünvana getməsin, bunu elektron yollarla, e-maillə, müasir üsullarla həll etsin. Bu, məsələnin bir hissəsidir. Bunu biz yaratmalıyıq və artıq göstərişlər verilib. Burada çox ciddi koordinasiya işləri aparılmalıdır.
Yaxın vaxtlarda mənə konkret təkliflər veriləcəkdir. Digər məsələ ondan ibarətdir ki, biz gərək gedək o yükləri gətirək. Biz gərək deyək ki, gəlin Azərbaycan ərazisindən keçin. Ona görə, burada bu iki amil çox ciddi məna daşıyır. Əminəm ki, burada qarşıya qoyduğum vəzifələr tezliklə öz həllini tapacaq".
Mənbə:> AzərTAc