Bakıda yarmakaların sayı artırılır – SİYAHI
Paytaxtda fəaliyyət göstərən kənd təsərrüfatı yarmarkalarının sayı daha da artırılacaq.
ANS TV-nin məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib ki, ən böyük kənd təsərrüfatı məhsullarının satış yarmarkaları iki həftə əvvəl Sumqayıt və Xırdalan şəhərlərində açılaraq sakinlərin ixtiyarına verilib. Bu isə onu göstərdi ki, yarmarkaların sayının artırılmasına daha da ehtiyac var:
“İlin sonuna qədər yarmarkaların sayının 10-a çatdırılması nəzərdə tutulur. Danışıqlar aparılır ki, əhali üçün daha səmərəli olan yerlərdə yarmarkalar təşkil olunsun".
Qurum rəsmisinin xəbərinə görə, yarmarkaların fəaliyyəti yalnız insanların kənd təsərrüfatı məhsullarına olan ehtiyacını ödəmir. Bu həm də bazarda süni qiymət artımının da qarşısını alır. Eyni zamanda fermerlər istehsaldan gəlir əldə etmək imkanı qazanırlar.
Murtuzəli Hacıyev bildirib ki, bu həmdə bəzi insanlar üçün iş yeri hesab oluna bilər:
"Çünki, onlar həm öz mallarını satırlar, həm də bu işdən bəhrələnirlər. Alıcı isə uzaq məsafə qət etmədən ucuz və keyfiyyətli məhsul əldə edə bilir. Yarmarkalarda həmçinin nazirliyin əməkdaşları və Dövlət Baytarlıq Xidmətinin əməkdaşları cəlb olunub. Qarşıdan gələn Yeni İllə əlaqədar olaraq sakinlərin rahatlığı üçün yarmarkaların çox yerlərdə təşkilinə başlanılacaq".
Qeyd edək ki, hazırda yarmarkalar 5 ünvanda fəaliyyət göstərir:
Xətai rayonuda - Məzahir Rüstəmov küçəsində,
Səbail rayonu - Badamdar qəsəbəsi,
Nərimanov rayonu - Keşlə bazarının yanı,
Binəqədi rayonu - Dərnəgül qəsəbəsi,
Suraxanı rayonu - Əmircan qəsəbəsində təşkil edilir.
Növbəti dəfə Yasamal və Nəsimi rayonlarında da kənd təsərrüfatı məhsullarının satışı təşkil ediləcək.
Mənbə:> ANSPRESS