ATV-nin eks-prezidenti yeni biznesə başlayıb
“Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) sabiq prezidenti, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Tağı İbrahimov Azərbaycan da daxil olmaqla 29 ölkədə fəaliyyət göstərəcək yeni biznes fəaliyyətinə başlayıb.
AzNews.info xəbər verir ki, bu barədə publika.az-a açıqlama verən T.İbrahimov bildirib ki, dünyada informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində məşhur olan və 2004-cü ildə yaradılmış Avstraliyanın “bCODE” şirkətinin bundan sonra 29 ölkədə açılacaq ofislərində 50 faiz paya sahib olacaq:
“Şirkətin Türkiyə nümayəndəliyinin rəhbəri mənəm, Azərbaycan nümayəndəliyinin rəhbəri isə Emrecan Ergin olacaq. Bilirsiniz ki, dünyada məşhur olan “bCODE” şirkəti İKT sahəsində kifayət qədər işlər görüb. Bu işlərdən biri də “bCODE” mobil idarəetmə sistemidir. Bu sistemin sayəsində insanlar mobil telefonlarına “sms” vasitəsilə göndərilən “bCODE”-dan banklarda, metro və avtobuslarda, kinoteatr və konsertlərdə və sairə yerlərdə çox rahatlıqla yararlana biləcəklər. Bu sistemin əsas özəlliyi odur ki, insanların mobil telefonlarına göndərilən “sms” kodlarını “reader” cihazı (“bCODE” oxuyucusu) təkcə “ağıllı telefonlarda” deyil, həm də digər bütün telefonlarda oxuya biləcək. Sistemin tətbiqi bizim tərəfimizdən ilk dəfə dünyanın ən böyük metro stansiyalarından biri olan Moskva metrosunda reallaşdırılacaq. Bundan əlavə, “bCODE” sistemi Azərbaycanda da ilk dəfə bizim tərəfimizdən həyata keçiriləcək. Bununla bağlı hazırda Azərbaycanın mobil operator şirkətləri ilə danışıqlar gedir. Yəqin ki, biz yaxın aylarda bu fəaliyyətə də başlayacağıq”.
Mənbə:> Publika.Az