Yumurtanın qiyməti bahalaşıb
2015-ci ilin oktyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,7%, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,9% bahalaşıb. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8% bahalaşıb.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib.
Komitənin məlumatına görə, birillik bitkilərdən pomidorun, xiyarın, sarımsağın, badımcanın, soğanın, kartofun, şirin bibərin istehsalçı qiymətləri bahalaşıb, göy lobyanın istehsalçı qiyməti ucuzlaşıb. Digər birillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Komitədən qeyd edilib ki, ay ərzində yumurta, süd, ev quşlarının istehsalçı qiymətləri bahalaşıb:
“Ay ərzində çoxillik bitkilərdən heyvanın, narın, üzümün, armudun, qozun, almanın istehsalçı qiymətləri ucuzlaşmış, digərlərinin isə qiymətləri sabit qalıb.
Heyvandarlıq məhsullarından yumurtanın, ev quşlarının, südün istehsalçı qiymətləri bahalaşıb, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməyib”.
Mənbə:> Oxu.Az