Nazir: Azərbaycan və Qazaxıstan iqtisadi böhrandan öz praqmatizmi ilə çıxa bilər
Energetika naziri Natiq Əliyev Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev ilə görüşüb.
Bu barədə Oxu.Az-a Energetika Nazirliyindən bildirilib.
Energetika naziri, Azərbaycan-Qazaxıstan Hökumətlərarası İqtisadi Komissiyanın həmsədri Natiq Əliyevlə keçirilən görüşdə iki ölkə arasındakı dərin tarixi köklərə və dostluğa əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə edilib.
Bildirilib ki, siyasi-iqtisadi əlaqələrin möhkəmliyi enerji sektorunda da uğurlu əməkdaşlığı təmin edib və birgə layihələrin həyata keçirilməsini mümkünləşdirib.
Azərbaycan-Qazaxıstan Hökumətlərarası İqtisadi Komissiyanın fəaliyyəti də təqdirəlayiq hesab edilərək, əməkdaşlığın gələcək istiqamətləri və dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı ətrafında fikir mübadiləsi aparılıb.
Neftin qiymətinin iki dəfədən çox düşməsi ilə müşayiət olunan bu böhranın təsirlərindən danışan Natiq Əliyev deyib ki, bu prosesin əsas səbəbləri siyasi amillər və maraqlarla bağlıdır.
“Ölkənin yüksək iqtisadi göstəriciləri isə belə qənaəti formalaşdırır ki, Azərbaycan düşünülmüş iqtisadi siyasət əsasında bu mərhələni də geridə qoyacaq. Bütün ölkələr , o cümlədən Qazaxıstan da mövcud vəziyyətdən ancaq öz praqmatizmi ilə çıxa bilər”
Mənbə:> Oxu.az