Beynəlxalq Bankın keçmiş rəhbəri gözətçisini necə “milyonçu” etdi?
Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevlə bağlı daha bir məlumat yayılıb.
AzNews.info-nun məlumatına görə, ABB-nin sabiq rəhbərini yaxından tanıyan mənbə “Yeni Müsavat”a deyib ki, C.Hacıyev villasının gözətçisini və bağbanını qəfil “milyonçu” edib.
Həmin gözətçi bu yaxınlarda kredit götürmək üçün bir banka müraciət edib. Məlum olub ki, onun Beynəlxalq Banka 1 milyon manat kredit borcu var.
Araşdırmalar zamanı bəlli olub ki, bu krediti C.Hacıyev gözətçisinin xəbəri olmadan onun adına götürüb. Üstəlik bağbanın da adına 500 min manat kredit rəsmiləşdirib.
Gözətçi məsələni öyrənməyə çalışıb. Ona deyiblər ki, C.Hacıyevin tapşırığı ilə ondan və bağbandan şəxsiyyət vəsiqələri alınanda bu saxtakarlıq baş verib....
Sən demə, bəhanə ilə bir müddət əvvəl bağbandan və gözətçidən sənədlərini 1-2 günlüyə vermələri istənilib. Onlar da bunun hansısa prosedur üçün lazım olduğunu zənn edib etiraz bildirmədən veriblər. Həmin adamların hüquq-mühafizə orqanlarına ifadə verdikləri deyilir.
Mənbə bildirir ki, onlarla bu cür zərərçəkən şəxslər var. Bu adamların böyük əksəriyyətinin Cahangir Hacıyevin ofisində və malikanələrində işləyən sadə insanlar olduğu deyilir.
Qaynağımız iddia edir ki, onlar üzləşdikləri vəziyyətlə bağlı polisə və prokurorluq orqanlarına müraciət ediblər.
Mənbə:> Musavat.com