Oğlunun həbs xəbəri yayılan deputat: "Cahangir Hacıyev onu aldatdı..."
Bu barədə Milli Məclisin deputatı Fərhad Qəribov ANS PRESS-ə oğlu Elnur Qəribovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması barədə yayılan fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, oğlu Elnur Qəribov 8 il bundan əvvəl Cahangir Hacıyevlə şərik iş qurubmuş. Deputat bildirib ki, sonradan onların işi alınmayıb.
"O zaman Cahangir Hacıyev oğlumu aldatdı və onların işi alınmadı. Onun barəsində cinayət işi başlanıb. İstintaq zamanı onunla birgə işləyən və vaxtilə şərik olan şəxsləri də çağırıb sorğu-sual edirlər. Bu məqsədlə Elnur Qəribovdan da bu şəriklik barədə soruşublar. Lakin bu, o demək deyil ki, oğlum barədə istintaq başlanıb, yaxud onu saxlayıblar. Hazırda hər iki oğum şəhərdədir. İnanmayan gəlib onları görə bilər" - deyə Fərhad Qəribov bildirib.
Qeyd edək ki, kütləvi informasiya asitələrində millət vəkili Fərhad Qəribovun oğlu Elnurun həbs xəbəri yayılmışdı. Bildirilirdi ki, Elnur Qəribov Beynəlxalq Banka kredit borcu olduğu üçün saxlanılıb.
Mətbuatda zaman-zaman deputat Fərhad Qəribovun külli miqdarda borcu olması və götürdüyü kreditləri qaytarmaması barədə informasiyalar yazılıb. Onun “Şəki” restoranlar şəbəkəsinin, lisenziyası ləğv olunmuş "Debüt Bank"ın rəhbəri olduğu bildirilir.
Mənbə:> ANSPRESS