Dollarla kredit təklifi niyə məhdudlaşdırılmalıdır? – RƏY
Son günlər bəzi banklar tərəfindən həm nağd, həm də kart vasitəsilə ABŞ valyutası, yəni dollarla kredit verilməsinin dayandırıldığı xəbəri yayılıb. Mərkəzi Bankdan (AMB) verilən açıqlamada isə bu barədə heç bir göstəriş verilmədiyi bildirilib. “Qanunvericiliyə əsasən, ölkə ərazisində fəaliyyət göstərən bankların hansı valyutada kredit verməklə bağlı müstəqil seçim etmək hüquqları vardır. Hər bir bank özünün kredit siyasətini həyata keçirir.” – deyə, AMB-in sözügedən açıqlamasında qeyd olunub.
Xatırladaq ki, bir az əvvəl isə bankların manatla kredit vermədikləri məlum idi. Belə ki, AMB tərəfindən bu ilin fevral ayının 21-də manatın dəyəri ucuzlaşdırıldıqdan sonra kommersiya banklarında müşahidə olunan çətinliklərdən biri də məhz bundan ibarət idi.
Bəs, dollarla kredit verilməsinin dayandırılması nəylə izah oluna bilər? Və bu, nə dərəcədə məqsədəuyğundur?
Biz, ölkədə manatla kredit verilməsində çətinliklər yaranmasına münasibətdə yazmışdıq ki, bankları tərəfindən kreditlərləşdirmə əsasən, 3 mənbə hesabına – AMB tərəfindən ayrılan, xarici maliyyə qurumlarından alınan və bir də əhalidən cəlb olunan əmanətlər üzrə resurslar hesabına həyata keçirilir.
Bunların sırasında isə ən böyük ağırlıq məhz sonuncunun üzərinə düşür. Bunun da müsbət amil olmadığı özünü bir neçə istiqamətdə göstərmiş və bankların kredit təkliflərində daha çox əhalidən cəlb edilən əmanətlərin həcminə söykənmə faktorunun effektsiz xarakter daşıdığı dəfələrlə büruzə etmişdir.
Elə manatla kredit təklifinin məhdudlaşması da buna sonuncu misal idi. Belə ki, buna səbəb əhali tərəfindən banklardakı əmanətlərin strukturunun kəskin dəyişdirilməsi oldu. Bu, bir daha sübut etdi ki, kommersiya bankları kredit təklifində əhalinin əmanətlərindən asılı vəziyyətdədirlər.
Sözümüz bunda deyil.
Real olaraqsa, bankların xarici valyuta ilə kreditləşdirməni məhdudlaşdırması başadüşülən siyasətdir. Belə ki, bu, heç də müvafiq sahədə resurs çatışmamazlığından irəli gəlmir. Əksinə, kommersiya bankları üçün hazırda bayaq qeyd etdiyimiz səbəbə görə dollarla kredit vermək indi daha əlverişlidir. Çünki yuxarıda söylədiyimizə əsasən, kredit mənbələri sırasında əsas yeri əhalidən cəlb olunan əmanətlər təşkil etdiyindən real olaraq banklarda yerləşdirilən əmanətlərin 70 %-dən çox hissəsini məhz xarici valyuta, yəni dollar təşkil edır.
Ancaq məsələ bundadır ki, kreditləşdirməyə strateji yanaşma vacibdir. Belə ki, kreditləşdirmənin xarici valyuta ilə həyata keçirilməsi bankların özünün hazırda onsuz da yaxşı olmayan vəziyyətlərinin dolayı yolla daha da pisləşməsi üçün zəmin yaradır.
Odur ki, bundan sığortalanmaq lazımdır.
Yeri gəlmişkən, AMB-in açıqlamasında da qeyd olundu ki, banklarının xarici valyutada kredit verməyi dayandırmaq qərarı risklərdən sığortalanmaq istəyi ilə əlaqədardır.
Eyni zamanda, təkrar edirik: AMB açıqlamasında o da qeyd olunur ki, qanunvericilikdə ölkədə fəaliyyət göstərən banklar üçün bu və ya digər valyutada kredit verməkdə müstəqil seçim etmək hüquqları vardır.
Yəni, hər bir bank istədiyi şəkildə kredit siyasəti həyata keçirir.
Ancaq bu, onların özlərinin gələcək mənafelərini nəzərə almaqla edilir.
Odur ki, sözügedən qərar da həqiqətən bankların özlərini risklərdən sığortalamaq məqsədi daşıyır. Belə ki, dollarla kredit verdikdə bu, sözügedən vəsaitin müvafiq maliyyə bazarlarında manatla qarşılanması məsələsini də nəzərə almağı vacib sayır. Manatın məzənnəsi isə məlum olduğu kimi həm daxili, həm də xarici valyuta bazarındakı proseslərin təsiri altındadır.
Ümumiyyətlə, ölkədə neftin dünya bazar qiymətlərinə, həmçinin qonşu ölkələrdə həyata keçirilən devalvasiya tədbirlərinə əsasən manatın dəyərinin növbəti dəfə də müəyyən korrektəyə uğrayacağına heç bir zəmanət yoxdur.
Təkcə bu ilin fevral ayının 21-i tarixdəki devalvasiya qərarından sonra banklara kredit borcları olanların necə böyük çətinliklə üzləşdiklərini yada salmaq kifayətdir. İş o yerə çatdı ki, məsələyə Konstitutsiya Məhkəməsi baxmalı oldu. Və çıxarılan qərar heç də borcu olanların deyil, bankların xeyrinə qəbul edildi. Bu da təbii hesab edildi.
Sual olunur ki, kredit götürənlər üzrə məgər, yenə eyni vəziyyət yaransınmı?
Ona görə də banklarının xarici valyutada kredit verməyi məhdudlaşdırmaq və yaxud dayandırmaq haqda qərarlarını həm onların özləri üçün, həm də borclananlar üçün manatın növbəti mümkün devalvasiyası qarşısında olduqca vaxtında atılmış və düzgün addım saymaq olar.
Ümumiyyətlə manatla kredit təklifinin artırılmasına gəldikdə isə, bunun başlıca yolu AMB tərəfindən ayrılan mərkəzi kreditlərin həcmini genişləndirməkdən keçir. Belə ki, əvvəlki şərhlərimizdə də yazdığımız kimi banklar tərəfindən əmanətlərin strukturunun kəskin şəkildə dəyişməsi səbəbindən kredit təklifinin məhdudlaşmasını aradan götürmək və ümumiyyətlə, manatla kredit verilməsini tam bərpa edib genişləndirmək üçün AMB uçot faiz dərəcəsinə mümkün dərəcədə aşağı salmalıdır.
Hazırda AMB İdarə Heyəti 13 iyul 2015-ci il tarixli qərarına əsasən bu, 3 % təşkil edir.
Mənbə:> Oxu.Az