Azərbaycanda aztəminatlı ailələrə, əlillərə, müharibə veteranlarına YENİ GÜZƏŞTLƏR
Azərbaycanda aztəminatlı ailələrin üzvləri, əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə veteranları mədəni sərvətlərdən ödənişsiz faydalana biləcəklər.
Oxu.Az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə təsdiqləyib.
Qeyd edək ki, bu qayda ilə adları çəkilən şəxslər Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı tələb olunmadan qeyri-kommersiya məqsədləri üçün ödənişsiz faydalanmasını nəzərdə tutur.
Bundan başqa, həmin şəxslər mədəni sərvətlərdən güzəştli istifadə üçün mədəni sərvətlərin qorunmasını və ya nümayişini həyata keçirən dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisəsinin rəhbərinə ərizə ilə müraciət etməlidirlər.
Xatırladaq ki, qərara görə, mədəni sərvətlərin surətinin çıxarılması (hazırlanması), habelə onlardan turizm, ekskursiya və reklam məqsədi ilə istifadə edilməsinə yol verilmir.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli