Rusiya müsəlmanları da Həcc ziyarətindən imtina edirlər
Rusiya müsəlmanları Səudiyyə Ərəbistanındakı müqəddəs yerlərə ziyarətdən imtina edirlər. Səbəb kimi isə dolların məzənnəsinin dəyişməsi ilə əlaqədar səfərin artan qiyməti göstərilir.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Müftilər Şurasının sədr müavini Ruşan Abbəsov bildirib.
“Hələlik Kvotanı tam olaraq Krım bağlayıb – oradan 300-dən çox adam ziyarətə gedəcək. Digər regionlarda isə kvota açıq olaraq qalır. Ənənəvi olaraq ziyarətə ən çox zəvvar göndərən Dağıstan belə kvotanı bağlamayıb”, - deyə, Abbəsov bildirib.
Onun sözlərinə görə, səfərin qiyməti 3,5 min dollara yaxın təşkil etsə də, Krım sakinlərinin güzəştləri var – səfərin qiymətinin təxminən 30%-ni respublika hökuməti ödəyir.
Abbəsov həmçinin bildirib ki, bu il böyük ehtimalla 16,4 mindən az rusiyalı Həcc ziyarətinə gedəcək. Səudiyyə Ərəbistanı Rusiyaya məhz bu qədər kvota təqdim edib.
O, həmçinin kvotanın regionlar arasında təkrar bölünməsi imkanlarını da istisna etməsə də, hələlik bu barədə qərarın qəbul olunmadığını vurğulayıb.
Əlavə çətinliklər isə onunla bağlıdır ki, bu ildən Səudiyyə Ərəbistanına səfər etmək üçün biometrik pasport lazımdır. Bu səbəbdən bəzi regionlarda kvota azaldılıb.
Mənbə:> Oxu.Az