Mərkəzi Bank: İstehlak kreditlərinin həcmi azaldı
Azərbaycanın kredit təşkilatlarının sənaye sektoruna verdiyi kreditlərin məbləği 2 milyardı ötüb.
Oxu.Az-a Mərkəzi Bankdan verilən məlumata görə, 2015-ci ilin iyulun 1-nə olan məlumata görə, sənaye və istehsal sektoruna verilən kreditlər 2 milyard 172,2 milyon manata çatıb.
Bu da 2015-ci il yanvarın 1-nə olan göstərici ilə müqayisədə 144,4 milyon manat artım deməkdir.
Qeyd edək ki, sənaye sektoruna verilən kreditlərin cəmi kreditlərdə (20 milyard 288,5 milyon manat) xüsusi çəkisi 10,7% təşkil edib.
Məlumat üçün bildirək ki, kredit təşkilatları tərəfindən 20 milyard 288,5 milyon manat kredit qoyuluşunun 2 milyard 888,8 milyon manatı “Ticarət və xidmət”ə (xüsusi çəkisi 14,2%), 937,9 milyon manatı “kənd təsərrüfatı və emala” (xüsusi çəkisi 4,6%), 2 milyard 794,5 milyon manatı “inşaat və əmlaka (xüsusi çəkisi 13,8%), 894,9 milyon manatı nəqliyyat və rabitəyə (xüsusi çəkisi 4,4%), 280,2 milyon manatı energetika, kimya və təbii ehtiyatlara (xüsusi çəkisi 1,4%), 7 milyard 884,6 milyon manatı isə (xüsusi çəkisi 38,9%) təşkil edib.
İstehlak kreditlərinin pik həddi 2015-ci ilin martın 1-də qeydə alınmışdı, 8 milyard 416,7 milyon manat. 2005-ci ildən bu yana isə istehlak kreidtlərinin həcmi 7 milyard 495,4 milyon manat artıb. Son bir ayda isə bu növ kreditlərin həcmi 158,8 milyon manat azalıb.
Xatırladaq ki, vaxtı keçmiş kreditlərin ümumi həcmi isə 1 milyard 338,7 milyon manat olmaqla, ümumi kredit qoyuluşunda payı 6,6% təşkil edib.
Onu da əlavə edək ki, vaxtı keçmiş kreditlərin ümumi kredit qoyuluşunda payı 2015-ci il mayın 1-nə 6,1%, iyunun 1-nə 6,4%, iyulun 1-nə isə qeyd etdiyimiz kimi 6,6% təşkil edib.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli