SOCAR Gürcüstanda cəriməni ödəməkdən imtina edir
Gürcüstanın neft məhsulları idxalçıları Rəqabətlilik Agentliyinə qarşı məhkəmədə iddia qaldırmaq niyyətindədirlər.
Oxu.Az bu barədə “Biznes-Qruziya” saytına istinadla xəbər verir.
SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin Korporativ biznes departamentinin rəhbəri İrakli Zubitaşvili deyib ki, şirkət avqustun 15-də məhkəmədə iddia qaldıracaq.
“Biz 100% haqlı olduğumuzu sübut etmək niyyətindəyik. İşin necə yekunlaşacağına baxacağıq. Bütün şirkətlər fərdi olaraq iddia qaldırır, lakin ola bilsin ki, məhkəmədə bu işlər birləşdiriləcək”, - o deyib.
Qeyd edək ki, Rəqabətlilik Agentliyi avtomobil yanacağı (benzin, dizel yanacağı) bazarında apardığı araşdırmalar nəticəsində ökənin “Rəqabətlilik haqqında” qanununun pozulması faktlarını aşkar edib.
Agentliyin məlumatına əsasən, araşdırmaların nəticələrinə görə müvafiq iqtisadi agentlər ümumilikdə 55 milyon lariyə yaxın (25 milyon dollar) məbləğində cərimə ödəməli olacaqlar.
“Rəqabətlilik haqqında” qanunu pozduqlarına görə bəzi şirkətlər cərimələnib. Cərimələnən şirkətlər arasında “SOCAR Georgia petroleum” MMC şirkəti də var. Şirkət 14 381 385 lari (6,5 milyon dollardan çox) məbləğində cərimələnib.
Mənbə:> Oxu.Az