Yevgeni Serıy: Bakıda yaşamaq baha başa gəlir – MÜSAHİBƏ
Azərbaycanın “Fənər” klubunun futzalçısı, yayda Xarkovun “Lokomotiv” komandasına keçən Yevgeni Serıy Azərbaycandakı həyatından danışıb.
Oxu.Az oyunçunun “Lokomotiv”in rəsmi saytına verdiyi müsahibəsinin maraqlı məqamlarını təqdim edir:
- Yevgeni, futzal sahəsində yetərincə inkişaf etmiş ölkədə legioner rolunda çıxış etməyə necə nail oldunuz?
- Agentimdən xaricdə gücümü yoxlamağa dair təklif gəldi. Düzünü desəm, Azərbaycanla bağlı çox düşünmədim. Bilirdim ki, ora mənimlə bərabər bir sıra Ukrayna oyunçusu gedir. Orada bizi yaxşı qəbul etdilər, əla kollektiv yığılmışdı. Biz uşaqlarla çox mehribanlaşmışdıq. Komandamızın məşqçisi də serb – Raiç idi. Vitali Borisoviç ilə hələ də ünsiyyətim var, əlaqə saxlayırıq.
Çempionat barədə - oynayan cəmi 4-5 komanda olmasına baxmayaraq səviyyə yüksəkdir. Onlardan yüksək liqada çıxış edən “Qarabağ veteranları” burada artıq yəqin ki, yaranmış ənənəyə görə çıxış edir. Ümumilikdə isə çempionatın yüksək səviyyədə qalmasına səbəb hər bir komandada braziliyalıların olmasıdır.
Bu il yüksək liqada debüt edən “Xəzər” 14 braziliyalı yığıb. Yerlilərdən bir iki nəfər var idi, onlar praktiki olaraq meydana çıxmırdılar. Bizə çempionatın ikinci hissəsində Ukraynada məşhur olan braziliyalılar – Beto və Vassura qoşuldu.
“Araz”da daha çox yerli oyunçulara - gənclərə diqqət ayrılır. Orda da çempionatın sonunda braziliyalılar peyda oldu, belə ki, medallar və turnir cədvəlində yekun yer haqqında məsələni həll etmək lazım idi.
- Bəs məişət və yerli kalorit planında?
- Bakı çox gözəl şəhərdir! Həm də biz bu şəhərin Avropa Oyunlarından öncə daha da dəyişməsinin şahidi olduq. İnfrastruktura yalnız qibtə etmək olar. Məişətə gəldikdə isə bəzi məqamlarda orada yaşamaq baha başa gəlir. Yerli valyuta avroya bağlıdır. Amma ümumilikdə normal - problemsiz yaşayırdıq.
- Amma yenə də “Lokomotiv” doğma komandadır. Doğma ocağa qayıtmaq haqqında qərarı uzun müddətə qəbul etdiniz?
- Xeyr, çox düşünmədim. Mən qışda Xarkovda olanda Yevgeni Semenoviç ilə görüşdük və o, mənə qayıtmağımı istədiyini söylədi. Əslində burada mənim də təşəbbüsüm oldu. Mən agentimdən ilk növbədə mənim “Lokomotiv”ə qayıtmağımı nəzərdən keçirməyini istədim. Mənim karyeramı xaricdə davam etdirmək variantları da var idi. Mən isə ilk növbədə “Lokomotiv”ə qayıtmağı istəyirdim.
Mənbə:> Oxu.Az