Zimbabvenin Azərbaycanın qaz hasilatı sahəsindəki təcrübəsinə ehtiyacı var
Zimbabve təbii qaz yataqlarının işlənməsində Azərbaycan mütəxəssislərinin təcrübəsində maraqlıdır.
AzNews.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Zimbabve energetika naziri Samuel Undenge, (Samuel Undenge) Azərbaycanın, həm də Zimbabveyə akkreditasiya edilmiş CAR-dakı səfiri Elxan Poluxov ilə görüş zamanı bildirib.
Nazirin sözlərinə görə, bu yaxınlarda zəngin qaz ehtiyatları aşkar edilib. Zimbabve bu sahədə Azərbaycanın təcrübəsindən istifadə etmək niyyətindədir.
Nazir, həmçinin öz ölkəsindən olan mütəxəssislərin Azərbaycanda təlim keçmələrində maraqlı olduğunu da bildirib.
Poluxov öz növbəsində qeyd edib ki, Azərbaycan Zimbabve ilə energetik sahədə əməkdaşlığa hər zaman hazırdır və bu sahədə mütəxəssislərin qarşılıqlı səfərləri buna vasitə ola bilər.
Səfir, həmçinin naziri bu sahədə əməkdaşlıq üçün mövcud olan perspektivlərlə tanış edib.
Daha öncə Zimbabvenin dağ-metallurgiyası şirkəti Zimasco (Zimbabwe Mining and Smelting), “Lupane” yatağının (Qərbi Matabelelend) 500 milyard kubmetr qaza malik olduğunu elan etmişdi.
Mənbə:> Trend