Röya ilə media arasında yeni dava
Müğənni Röya Ayxan yenidən mediaya qarşı davakarlıq nümayiş etdirib.
Belə ki, müğənni öz İnstaqram səhfəsində müxbir İsa Şükürov haqqında təhqir dolu tənqidi fikirlər səsləndirib. Buna səbəb isə bu günlərdə Publika.az saytında yayılan "Dilini dinc qoymayan Röya yenidən Aygün Kazımovaya sataşdı" başlıqlı yazı olub. Müğənni adı çəkilən sayt və müxbir haqda bu cür status paylaşıb:
“Bu məqaləni yazan siçovul, sənə səslənirəm. Röya sataşmır, tutur və üzünə tüpürür. Necə ki, sənə tüpürəcəm. Öz dostumuzla zarafat etməyək ki, birdən yozarlar? Paylaşdığım foto Abbasa görə idi. Çünki bizlə yeməyə getmir, hər dəfə “idmandayam” deyir. Ona sataşırdım. Mən dilimi dinc qoysam, sənin acından dişin tökülər, ay kenqurular, yazanda bilin nə yazırsınız. Camaat oxuyur və elə bilir işimiz-gücümüz yoxdur, bir-birimizə baxırıq. Bunu yazan soxulcanı isə boğacağam.
Bu oğlan yadınızdadır? Bir dəfə belə qələt etmişdi, sən demə? bu yazını da o yazıb. Ay bala, səni işdən də bayıra atdılar. Sakitləşmədin? Gərək gecənin bir yarısı səni küçədə telefona çəkim?".
Öz qalmaqalları ilə daima gündəm yaradan müğənninin bu hərəkəti də sosial şəbəklərdə, mətbuatda birmənalı qarşılanmayıb. Onun media saytını və müxbiri təhdid etməsi ciddi rezonans doğurub.
Qeyd edək ki, bir qədər sonra müğənni qalmaqala səbəb olan statusunu silib.
Röya Ayxanın prodüseri Kənan Babayev də müxbir İsa Şükürovu təhqir edib. Bu barədə “Yeni Müsavat”a danışan prodüser müğənninin hərəkətinə haqq da qazandırıb:
“Röya xanımın davası media ilə deyil, jurnalist adına yaraşmayan insanlarladır. Axmağın biri gedib ağzına gələni yazanda təbii ki, Röya xanım da bu cür davranmalı idi.
İ.Şükürov qeyri-peşəkar, bu sahədə savadı olmayan biridir. O, sosial şəbəkədən adi bir fotonu götürərək heç bir reallığa əsaslanmayan, reytinq qazanmaq xətrinə məqalə yazıb. Tüpürüm onun şəxsiyyətinə də, yazısında da. Adını da kişi qoyub ortalıqda gəzir...
Bu cür insanlar jurnalsit adına ləkədir. O peşəkar jurnalistliyi heç yuxusunda da görməyib. Media bu cür müxbirləri yaxına buraxmamalıdır”.
Qalmaqala səbəb olan müxbir bu barədə “Yeni Müsavat”a açıqlama verərək haqqında deyilən iddialara tutarlı cavab verib:
“Əməkdaşı olduğum Publika.az saytında “Dilini dinc qoymayan Röya Aygün Kazımovaya sataşdı” sərlövhəli yazı yayımlanıb. Yazıdan sonra müğənni Röya özünün “İnstagram” səhifəsində yazının müəllifini və Publika.az saytını təhqir və təhdid edən status paylaşdı.
Bundan sonra isə həmin yazıya heç bir dəxlim olmadığı halda, mənə ünvanlanmış ikinci status yaydı. Təbii ki, onun əxlaq normalarını aşan hər iki statusuna saytımızda münasibət bildirildi. Məsələyə mənim münasibətimə gəlincə, hesab edirəm ki, aidiyyatım olmadığı halda, səbəbsiz yerə təhqir edildim. Halbuki Röyanın mətbuat katibi, prodüseri və yanında xırda-para işlərini görən kifayət qədər işçisi var. Onlar zəng edib vaxtında məsələni aydınlaşdıra bilərdilər və mənim adım boşuna hallanmazdı”.
Müxbir təhqirlərə görə məhkəməyə müraciət etmək istədiyini deyib:
“Haqqımda layiq olmadığım ən təhqiramiz ifadələr işləndiyi üçün məhkəməyə müraciət etmək barədə düşündüm. Düzü, bu fikir üzərində hələ də fikirləşirəm. Bunu sadəcə özümə görə yox, Röyanın fanatlarına, sevənlərinə hörmət əlaməti olaraq da düşünürəm. Çünki Röya böyük bir fanat ordusunun sevimlisidir. Buna baxmayaraq, tez-tez adı bu cür qalmaqallarda, qeyri-qanuni əməllərdə, etik normadan kənar davranışlarda hallanır. Artıq bu cür hərəkətlərə bir son vermək lazımdır. Heç olmasa, onu sevənlərin xatirinə. Onun davranış normalarını aşdığı mənə yazdıqlarından aydın görünür. Məsələn, Röya məni küçədə videoya çəkməklə hədələyir. Guya tapıb üzümə tüpürəcək. Bu, Röyanın oğru qanunları ilə yaşadığını təsdiq edən ilk fakt deyil. Onun “vor zakon” hərəkətləri barədə dəfələrlə mediada məqalələr dərc olunub. Röya hegemonluq etməyi sevir. Yəqin kiməsə arxayındır. Amma Röya Ayxana məsləhət görərdim ki, məni videoya çəkməkdənsə, özünün “YouTube”dan videolarını sildirsin. Mən kiməm ki? Bəlkə ictimai xadiməm, məşhur bir insanam, müğənniyəm, aktyoram? Yox, sadəcə, ölkədə olan on minlərlə jurnalistdən biriyəm. Yəni, bu xalqa örnək və nümunə olacaq birisi deyiləm. Məni dövlət tədbirlərində səhnəyə çıxartmırlar ki. Mənim fanatlarım, yüz minlərlə izləyicim ki yoxdur. Amma Röyanın özü dediyi kimi, fanat ordusu var. Bax, Röya əməlləri, həyat tərzi, davranışı və danışığı ilə onlara örnək olur. Ümid edirəm, Röyanı nümunə götürən gənc nəsil onun təsirinə düşməz. Başqa bir tərəfdən, lap tutaq ki, o məqaləni mən yazmışam. Bəlkə Röya həmin yazıda təhqir olunub? Yoxsa şəxsiyyətinə toxunulub? Yazını oxuyan görər ki, orada heç bir alçaldıcı məqam yoxdur. Hətta sonda qeyd olunub ki, müğənninin öz izləyiciləri belə Röyanın atmacasının hansı həmkarına yönəldiyinə işarə vurublar. Həmin yazışma da fotofaktla yazıya əlavə olunub”.
İsa Şükürov müğənninin məhz onun təşəbbüsü ilə ANS-dən uzaqlaşdırıldığı iddiasına cavab verib:
“Bu iddia əsassızdır. Mənim ANS-dən uzaqlaşmağıma səbəb “Salam, Azərbaycan” verilişinə müxbir vəzifəsinə keçirilməyim olub. Bu barədə sərəncamla tanış olanda televiziyanın rəhbərliyinə yazılı surətdə ərizə ilə müraciət edərək bildirdim ki, özümü bu işdə görmədiyim üçün məni işdən azad etsin”.
İsa Şükürov müğənninin qalmaqallı statusunu öz səhfəsində silməsinə də münasibət bildirib:
“Nəhayət, Röya ünvanımıza yazdığı təhqir dolu statuslarını yazdıqdan bir neçə saat sonra sildi. Ümid edirəm ki, onun bu davranışı səhvini anlamasından irəli gəlir. Əgər belədirsə, buna görə ona təşəkkür edirəm. İnsanın səhvini anlayıb geri addım atması da, böyüklüyüdü”.
Müxbir onu savadsız, jurnalist adına ləkə adlandıran prodüser Kənan Babayevə də cavab ünvanlayıb:
“Mən BDU-nun "Nəşriyyat işi və redaktə etmə" ixtisasını qırmızı diplomla bitirmişəm. Yəni, ixtisasca redaktoram. Həm bakalavr, həm də magistraturanı eyni ixtisas üzrə bitimişəm. Bir sözlə, öz işimin peşəkarıyam”.
Məlumat üçün bildirək ki, bütün bu qalmaqalın təməlində müğənninin sosial şəbəkədə idmançı qadın və kişi şəkilini paylaşaraq həmkarı Abbas Bağırova ünvanladığı “Abulya, deyirəm, gəl ikimiz məşq edib "boyavik" klip çəkdirək" deyə müraciəti olub. Müxbir İ.Şükürov həmin fotoya əsaslanaraq müğənninin bir müddət öncə idmançı Ceyhun Vəliyevlə məşq zamanı fotosessiya etdirən xalq artisti Aygün Kazımovaya atmaca atdığını iddia etmişdi.
Mənbə:> Musavat.com