Arzu Əliyevanın filmi “National Geographic”də
Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi mayın 8-də dünyanın əksər ölkələrində yayımlanan “National Geographic” televiziya kanalı vasitəsilə bir çox dövlətlərdə, o cümlədən Fransada nümayiş etdirilib.
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyini mühüm layihə ilə qarşılamaq məqsədilə Arzu Əliyevanın irəli sürdüyü ideya əsasında Lui Vodevilin prodüserliyi və Robert Maqnerotun rejissorluğu ilə ərsəyə gələn sənədli filmi yüz minlərlə fransız tamaşaçı izləmək imkanı əldə edib.
Fransız tamaşaçıları bu sənədli film vasitəsilə İkinci Dünya müharibəsində Azərbaycan xalqının rəşadəti, Qələbənin təmin edilməsində Bakı neftinin strateji əhəmiyyəti barədə müfəssəl məlumat əldə ediblər.
Çəkilişi Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış “Clarke Costelle&Co” şirkəti tərəfindən aparılmış film İkinci Dünya müharibəsinin dəhşətləri barədə təsəvvür oyatmaq və həmin illərin ağır dövrünü yaşamış Azərbaycan xalqı haqqında fransızlara ətraflı məlumat vermək baxımından mühüm əhəmiyyət daşıyır.
Filmin mayın 9-10-da həmin televiziya kanalı vasitəsilə yenidən nümayiş etdirilməsi nəzərdə tutulub.
Mənbə:> ANSPRESS