"Bakı sübhdən günbatanadək" filminin təqdimatı – FOTO
“Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filmi təqdim olunub
Nizami Kino Mərkəzində “Dünya sübhdən günbatanadək” layihəsi çərçivəsində hazırlanan “Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filminin təqdimatı keçirildi.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Əməkdar incəsənət xadimi Ayaz Salayev, Azərbaycan Respublikasının Əməkdar artisti Məmməd Səfa və başqaları qonaq kürsüsündə əyləşmişdilər.
21 avqust – 07 sentyabr 2014-cü il tarixlərində Bakı şəhərində "Dünya sübhdən günbatanadək" layihəsi çərçivəsində “Bakı sübhdən günbatanadək” layihəsi keçirildi. “Dünya sübhdən günbatanadək” Miroslav Dembinski və Maçyej Driqas tərəfindən yaradılmış orijinal layihədir. Layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanıb.
Qeyd edək ki, ötən il 21 avqust – 7 sentyabr tarixlərində Bakıda layihənin master-klassları keçirilmişdi. 25 gənc rejissorun da iştirak etdiyi bu layihədə Polşadan 8 nəfərlik müəllim heyəti ustad dərsləri təşkil etmişdilər. Layihə çərçivəsində 18 qısa film çəkilib. Hər biri üç-dörd dəqiqədən ibarət olan bu qısametrajlı filmlər toplanaraq bədii film effektinə salınıb. Üç həftəlik master-klassların nəticəsində şəhərin canlı təsvirini özündə əks etdirən 60 dəqiqəlik sənədli film ərsəyə gəlib.
“Səhnəyə çıxan polşalı kino xadimi Maçyej Driqas qonaqları Azərbaycan dilində salamladı. Daha sonra “Sizinlə öz dilinizdə danışa bilmədiyim üçün narahatam. Kaş ki, rus dilində deyil, sizin dilinizdə danışa bilsəydim. Amma sözlər yadımda qalmır. Günah yaşlanmağımdadır” – dedi. Layihə nəticəsində Bakının canlı təsvirini yaratmağa nail olduqlarını söyləyən F.Əhmədov layihənin ikinci hissəsinin planlaşdırıldığını qeyd etdi. Sonra layihədə iştirak edən gənc rejissorlar səhnəyə dəvət olundular. Daha sonra “Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filmi izləyicilərə təqdim edilib.
Qeyd edək ki, layihənin tərəfdaşları Polşanın Adam Mikiyeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, Belsat kanalı və Polşa Xarici İşlər Nazirliyidir. Layihənin Azərbaycandakı tərəfdaşı isə Mədəniyyət və Turizm Nazirliyi və “Azanfilm” studiyası oldu.
Polşalı kino xadimi M.Driqas Kult.az-a açıqlamasında bunları dedi: “Artıq üçüncü dəfədir ki, Bakıdayam. “Bakı sübhdən günbatanadək” layihəsi çərçivəsində keçirilən məşqlərdə iştirakçılar özlərinin gördükləri və görmək istədikləri mənzərələri təsvir etdilər. Məncə, bütün iştirakçılar özlərini yaxşı göstərməyi bacardılar. Biz, demək olar ki, bu layihədə gecə-gündüz qüvvəmizi əsirgəmədən çalışdıq. Bu gənclərin gələcəyinə çox inanıram. Biz artıq dünyanın 12 ölkəsində bu layihəni gerçəkləşdirmişik. Demək istərdim ki, Bakı bunlar arasında ən yaxşılardandır. Ən əsası, əminəm, “Bakı sübhdən günbatanadək” filmi tamaşaçıların böyük marağına səbəb olacaq”.
Filmləri nümayiş etdirilən gənc rejissorların da fikirlərini öyrəndik.
Gülər Abbasova: “Rejissorluq kursu ilə maraqlandım. Gənc rejissorların hazırlıq kursları keçirilirdi. İnternetdən, “facebook” səhifəsində bu elana rast gəldim. Hər zaman xaricdə təhsil almaq arzusunda olmuşam və bu da mənə şans idi ki, xarici kino heyəti ilə birgə işləyim. Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də, Polşa Kino Akademiyasının təşkilatçılığı ilə bu tədbir keçirilirdi. CV yolladım, qəbul etdilər. Mövzularımı təklif etdim . Ən uğurlusu “Sovetski” adlı filmim oldu. Filmdə köçmək ərəfəsində olan və köhnə Bakı ənənəsini özündə yaşadan bir ailəni təsvir etmişdim. İllərdir qonşuluq etdiyi insanlardan ayrılmağın nə demək olduğunu filmdə göstərişəm”.
Ramil Ələkbərov: “Mən həm layihənin baş koordinatorlarından biri, həm də iştirakçısıyam. Bu işi Fariz Əhmədovla birgə təşkil etmişik. Master klasslar zamanı mövzu seçdik və bu mövzunun çəkilişlərini etdik. Mənim filmimin adı “Pinəçi”dir. Ayaqqabı tikən Əli dayı haqdadır. Onun maraqlı bir portretini yaratmaq istədim.
Səhnədə təqdimat zamanı “Sonra deyirlər, rejissorların birliyi yoxdur” fikri ilə özünü təqdim edən gənc rejissor Röyal Əliyev də bizimlə fikirlərini bölüşdü: “Mən “Balıqçı” filmimlə bu layihədə iştirak edirəm. Mən də öz növbəmdə onların təsvirini izləyicilərə təqdim etmək istədim. Amma maraqlısı o idi ki, həmin ərəfədə o balıqçıların heç biri, demək olar ki, balıq tutmadılar. Balıqçılar dənizin balığının azalmağından şikayətlənirdilər. Bilmirəm, fikirlərimi nə dərəcədə təqdim edə bildim, bunu, yəqin, izləyənlər bilər”.
Tədbirin təşkilatçılarından olan “Azanfilm” animasiya studiyasının direktoru və bədii rəhbəri Fariz Əhmədov layihə haqda bunları dedi: “Bu layihə artıq 10-dan çox ölkədə təşkil olunub. Sevindirici haldır ki, bizdə də 20-dən çox gənci bir araya toplaya bildik. Polşanın ən məşhur kino ustadları – rejissorlar, operatorlar və montajorlarla dərslərin keçirilməsi uğurlu bir birlik idi. Bu cür peşəkar komanda iə birgə işləmək və ünsiyyətdə olmaq bizə zövq verirdi. Çünki onlar dünyada kino sahəsində öz sözlərini deyə bilən insanlardır. Onların dərslərində oturmaq bizim təcrübəmizdə çox vacibdir. Bu layihədə gənc rejissorlar öz tapşırıqlarını qısametrajlı filmlərlə nümayiş etdirdilər. Son nəticə olaraq, 60 dəqiqəlik film nümayiş etdirilib”.
Layihə çərçivəsində çəkilən qısa filmlərin və rejissorların siyahısını təqdim edirik:
1. “17-ci mərtəbə” – Ələkbər Əliyev
2. “Balıqçı” – Röyal Əliyev
3. “Xor” – Mənzər Hüseynova
4. “Müəzzin” – Elvin Aşirov
5. “Samovar” – Murad Muradov
6. “Sovetskinin köhnə küçələri” - Gülər Abbasova
7. “Toy” - Səidə İsmayılova
8. “İbadət” – Elvin Aşirov, Murad Muradov, İmam Həsənov
9. “Ofisdə fasilə” – Eldar Albertsson
10. “Xalçalar” – Eldar Albertsson
11. “Neft” – Elnur Cəbrayılov
12. “Yarım-timsah” – Elnur Cəbrayılov
13. “Neft işçiləri küçəsi” – Günel Qədirova
14. “Heydər Əliyev Mərkəzi” – Günel Qədirova
15. “Attraksion” – Məryəm Nəcəfzadə
16. “Çildağ” – Məryəm Nəcəfzadə
17. “Pinəçi” – Ramil Ələkbərov
18. “Zoopark” – Fariz Əhmədov
- See more at: http://kult.az/yeni/view/6558#sthash.yXOwIIem.dpuf
Mənbə:> Kult.Az Foto: Muhammad Agha və Safiyar Məcnun