Böyük gülüş ustamızın anadan olmasından 99 il ötür » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət, Kino

Böyük gülüş ustamızın anadan olmasından 99 il ötür

Böyük gülüş ustamızın anadan olmasından 99 il ötür


Qüdrətli gülüş ustası, Azərbaycan səhnəsinin parlaq ulduzu, xalqımızın sevimli sənətkarı Nəsibə Zeynalovanın anadan olmasından 99 il keçir. Nəsibə Zeynalova 1916-cı ilin bu günü Bakıda dünyaya gəlib. Atası Kərbəlayı Cahangir tanınmış tacir, sevimli aktyor, Azərbaycan milli realist aktyor məktəbinin banisi olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Lakin bu arzunun gerçəkliyini görmək ataya nəsib olmayıb. Çünki Cahangir Zeynalov dünyasını dəyişəndə Nəsibə Zeynalovanın cəmi 2 yaşı olub. Uşaqlıq, yeniyetməlik çağlarında çox əzab-əziyyət çəkən, həyatın hər üzünü görən Nəsibə 14 yaşından zəhmətə qatlaşıb.

Bakı Elektrik Təchizatı Şəbəkəsinin laboratoriyasında laborant, “Azərsənət” Birliyində mühasib köməkçisi, tramvay parkında tabelçi, topdansatış anbarında fəhlə işləyib. Aktrisa olmaq fikrinə düşəndə anası buna razılıq vermir. Lakin atasının arzusunu reallaşdırmaq Nəsibənin qəti qərarı olur. Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə Zeynalova orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnib. Nəsibə yaradıcılıq fəaliyyətinə dövlət filarmoniyasında rəqqasə kimi başlasa da, onun incəsənət sahəsindəki bu cəhdi uğursuz olur.

Nəsibə xanım 1934-cü ildən mövsümi fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Daha sonra Nəsibə Zeynalova sənədlərini Bakı Teatr Texnikumuna təqdim etsə də sənədləri geri qaytarılır. Sənədləri geri qaytaran şəxs isə heç də Zeynalovlar ailəsinə yad birisi olmayıb. Sən demə bir vaxtlar Nəsibə Zeynalovanın atası Cahangir Zeynalov həmin şəxsə müəyyən məvacib də verirmiş.

Amma özünə güvənən Nəsibə Zeynalova geri çəkilmir 1938-ci ildə Bakı Teatr Texnikumuna daxil olur. Texnikumu bitirəndən sonra Musiqili Komediya teatrında fəaliyyətini davam etdirir. Lakin bəxtindən teatr 1949-cu ildə müvəqqəti olaraq bağlanır və aktrisa həmin ildən Bakıdakı Nizami adına kinoteatrın yay zalında kassir, mədəniyyət evində dram dərnəyinin rəhbəri, Filarmoniyanın estrada sektorunda aktrisa işləyir. 1956-cı ildə Musiqili Komediya Teatrı yenidən qapılarını tamaşaçıların üzünə açır və Nəsibə xanım doğma sənət ocağına qayıdır. Buradakı səhnə fəaliyyəti, bir-birindən rəngarəng, duzlu-məzəli obrazlar ona korifey aktrisa Nəsibə Zeynalova adını bəxş edir. Aktrisanın yaradıcılıq potensialı nəinki teatr səhnəsində, kinoda da böyük miqyasda açılıb.

“Bizim Cəviş muəllim”, “Ögey ana”, “Böyük dayaq”, “Qanun naminə”, “Bəyin oğurlanması”, “Mən mahnı qoşuram”, “Qorxma, mən səninləyəm”, “Yuxu” və bir neçə filmlərdə əsasən kiçik rollar oynamasına baxmayaraq, hər bir obrazı yaddaqalan, baxımlı etməyi bacarıb.

Aktrisanın “Qaynana”da Cənnət, “Dərviş Məstəli şah”dakı Xanpəri, “Gözün aydın”da Nargilə, “Durna”da Şərəf və Nisə, “Toy kimindir”də Məsmə, “Qızıl axtaranlar”da Rəxşəndə, “Altı qızın biri Pəri”də Cəhrə xala, “Ulduz”da Züleyxa kimi rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.

Vaxt ötür, maraqlar, zövqlər, tələblər dəyişir. Kino da dəyişikliyə uğrayır, müasirləşir. Lakin Nəsibə Zeynalovanın çəkildiyi filmlər və onun yaratdığı qəhrəmanlar yaşayır və yaşayacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *