Azərbaycan Xalça Muzeyinin kolleksiyasından “Zərgərlik inciləri”
AzNews.info xəbər verir ki, Fondda saxlanılan 800-ə yaxın eksponatlardan bir qismi ekspozisiyada təqdim olunub. Zərgərlik nümunələrinin böyük hissəsi XIX əsrin sonu XX əsrin əvvəllərinə, digərləri isə daha qədimlərə – eramızdan əvvəl IV-II minilliklərdə, tunc dövründə yaradılmışdır. Eksponatların böyük hissəsini zinət əşyaları təşkil edir. Qadın və kişi zinət əşyalarından başqa, məişət əşyaları da vardır.
Zərgərlik sənətinin müxtəlif işləmə texnikaları ilə işlənmiş dekorativ-tətbiqi sənət nümunələrindən olan soyuq silah növləri xüsusilə diqqətəlayiqdir.
Zərgərlik fondunda qorunan nümunələr Azərbaycanın bir çox bölgələrini əhatə edir. Ziyarətçilər burada bölgələrimizə məxsus müxtəlif texnikalarla – həkketmə, şəbəkə, tökmə, basma, qarasavad, minasazlıq və s. kimi qədim üsullarla hazırlanmış zərgərlik nümunələri ilə tanış ola bilərlər.
Müasir rəssamların yaradıcılığında yeni məzmunla bərabər xalqımızın ənənələrinə söykənən zərgərlik nümunələri öz əksini tapır. Rəşid Məmmədov, Camal Əyyubov, Nina Paşayeva, Hacı Şamov, Əli Əhmədov, Əlimuxtar Zeynalov kimi sənətkarların əsərləri Azərbaycan xalqının həm maddi mədəniyyətinin yüksəkliyinə, həm də dünyanın gözəlliyini və harmoniyasını görmək bacarığına dəlalət edir. Bu da sənətlərində əsl zirvələrə çatmış bir çox sənərkarların əsərlərində öz təcəssümünü tapmışdır.
Mənbə:> AzNews.info